Tətillər davam edəcək, lakin indi sistemli olmayacaq
“Samsung Electronics”in işçiləri əmək haqqı və müavinətlərdən narazılıq fonunda tammiqyaslı tətilin başlamasından 25 gün sonra işə qayıdıblar. AYNA xarici mediaya istinadən bildirir ki, bu qərarı şirkətin Cənubi Koreyadakı işçilərinin təxminən 24%-nin maraqlarını təmsil edən “Samsung Electronics Union” (NSEU) elan edib.
Bəyanatda qeyd olunub ki, tətillər davam edəcək, lakin indi sistemli olmayacaq.
NSEU sözçüsü, "Birlik üzvlərinin maliyyə yükünü azaltmaqla yanaşı, rəhbərlik üzərində təzyiqi saxlamaq üçün strategiyada dəyişiklik lazımdır" deyib. O, həmçinin əlavə edib ki, şirkət rəhbərliyi ilə danışıqların nəticəsiz qalması səbəbindən tətillər davam edəcək və həmkarlar ittifaqı özü də “dayanıqlı” strategiya qəbul edir.
Xatırladaq ki, həmkarlar ittifaqı işçilərin maaşlarının 5,6% artırılmasını istəyir. “Samsung” rəhbərliyi isə digər şərtlər, o cümlədən 5,1% maaş artımı və şirkətin daxili ticarət platformasında istifadə üçün əlavə xallar təklif edir. Tətil iyulun 8-də başlayıb və “Samsung” tarixində ilk tammiqyaslı tətil olub. İyulun sonunda həmkarlar ittifaqı nümayəndələri ilə şirkət rəhbərliyi arasında aparılan intensiv danışıqlara baxmayaraq, razılıq əldə olunmayıb.
NSEU həmkarlar ittifaqı üzvlərinin əksəriyyəti yarımkeçiricilər bölməsində işlədiyi üçün tammiqyaslı tətil “Samsung”un çip istehsal edən zavodlarında mümkün pozulmalarla bağlı narahatlıqları artırıb. Bununla belə, “Samsung” əvvəllər istehsal müəssisələrində fasilələrin qarşısının alındığını bildirmişdi.