Sabahkı Zirvəyə diqqət: “Sülh istəyirsənsə, müharibəyə hazır ol”

Dünya

27.06.2022 - 21:43

Almaniya və Fransaya “biz olmasaydıq, rusca və fransızca danışacaqdınız” deyən ABŞ Türkiyəyə nə deməz ki?!

28-30 iyun tarixləri arasında İspaniyanın paytaxtı Madriddə, ağır mövzuların müzakirə ediləcəyi NATO Zirvəsi baş tutacaq. 30 Alyans üzvü ölkənin liderləri səviyyəsində təşkil olunacaq toplantıda dünyanın gedişatını müəyyənləşdirəcək çox ciddi qərarlar qəbul ediləcək.

90-cı illərin əvvəllərində, SSRİ-nin dağılmasından sonra NATO bir sıra üzv ölkələrin nəzərində əhəmiyyətini itirmişdi. Çünki ikiqütblü dünyanın qarşı qütbündə yer alan Varşava Müqaviləsi Təşkilatı dağılmışdı.

ABŞ-ın liderliyi altında qalan təkqütblü dünyada Şimali Atlantina Alyansı, demək olar ki, Birləşmiş Ştatların “şəxsi təşkilatı” olaraq fəaliyyət göstərirdi. Başda Fransa, Almaniya və İtaliya olmaqla, bir çox ölkə bu vəziyyətdən narazı idi. Fransa Prezidenti Makron daha da qabağa gedərək, “NATO beyin ölümü keçirib” açıqlaması vermişdi.

Amma Rusiya-Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi. Rusiya bu hərbi təcavüzü ilə dünyanın yenidən iki və daha çox qütblü olmasına çalışır.

Belə bir durumdan olduqca narazı qalan ABŞ NATO-dan Rusiyaya, Çinə və hədəfə aldığı daha bir neçə ölkəyə qarşı rıçaq olaraq istifadə etmək niyyətindədir. Bu məqsədlə BMT Təhlükəsizlik Şurasına Yaponiyanı da üzv etdirmək istəyir. Çinin ətrafını Yaponiya və Hindistan, Rusiyanın ətrafını isə Britaniya və Avropa İttifaqı ölkələri ilə halqaya salmağa çalışır.

Bu gün Birləşmiş Ştatlar üçün NATO-nun “sərhəd böhranı” durumundakı ölkə Türkiyədir – milli və müstəqil siyasəti səbəbindən. Bu səbəbdən Türkiyəni terrorla “ağıllandırmağa” cəhd etdilər. Amma Türkiyə “dost” və “müttəfiq” ölkələrin bütün cəhdlərinə bacmayaraq, terror qalib gəldi və “ağıllanmaq” bir yana, daha da sərbəstləşdi, qəzəbləndi.

Lakin Türkiyə durduğu yerdə hiddətlənmədi. Çünki mübarizə apardığı terror təşkilatlarına silahları ABŞ və digər NATO ölkələri verir. Türkiyəyə qarşı bu düşməncə davranışlar azmış kimi, üstəlik, Türkiyəyə silah embarqosu tətbiq edir dost və müttəfiq bildiyimiz NATO ölkələri.

Və belə bir qeyri-səmimi, düşmən mövqe sərgilədikləri Türkiyədən indi də tələb edirlər ki, terror təşkilatlarına dəstək verən İsveç və Finlandiya kimi ölkələrin Alyansa üzvlüyünə razılıq versin. Bundan başqa, ABŞ-ın hərbi bazalarının işğalı altında olan Yunanıstanı üstümüzə qaldırırlar.

NATO yaradıldığı gündən bəri heç bir zaman Türkiyəni bərabərhüquqlü üzv olaraq görmədi. Hətta, bərabərhüquqluluq bir yana, müttəfiq olaraq görmədilər – daim çöl qapının çöl tərəfdəki qıfılı olaraq münasibət bəslədilər. “NATO ailəsinə qatıl, amma imkanlarımızdan istifadə etmə” mesajı aldıq hər zaman.

ABŞ-ın NATO üzvü Türkiyəyə münasibəti NATO üzvü olmayan Səudiyyə Ərəbistanına olan münasibətlə eynidir. Hətta, Almaniya və Fransaya “biz olmasaydıq, rusca və fransızca danışacaqdınız” deyən Birləşmiş Ştatlar Türkiyəyə nə deməz ki?!

Nə dediyini, nələr demək istədiyini atdığı addımlardan, davranışlarından açıq-aşkar görünür. Bunları görür və önləyici tədbirlərimizi də alırıq. Atalarımız boşuna deməyib ki: “Sülh istəyirsənsə, müharibəyə hazır ol”. Ya da: “Su yatar, düşmən yatmaz”.

Müəllif: Fuat Bol

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli