Sabahın havası: bəzi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

Xəbərlər

13.04.2021 - 14:21

Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əlverişli olacaq

 

Azərbaycanda aprelin 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-12°, gündüz 16-18° isti, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, bızi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 3-7°, gündüz 7-12, bəzi yerlərdə 15-17° isti olacağı bildirilir.

 

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az