Dağlıq ərazilərdə qar yağacağı gözlənilir
Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.