Ruslardan Qarabağ şousu: Qurdla quzu yanaşı yaşayırmış...

Siyasət

13.07.2021 - 20:25

“Bu maskaraq “Zvezda” telekanalının nəyinə lazımdır?”

 

Rusiya Federasiyası Müdafiə Nazirliyinin (RF MN) media orqanı “Zvezda” telekanalı “Qarabağa qapı: RF sülhməramlıları Laçın dəhlizi vasitəsi ilə hərəkət təhlükəsizliyini necə təmin edir” adlı reportaj yayımladı. Orada təsvir olunan yerlər barədə xəbərləri daim izləyənlər üçün olduqca şübhəli olan bir neçə açıqlama var.

 

Məsələn, müəllif Qarabağa yalnız sənədləriniz olduğu halda çatmağın mümkün olduğunu və bunsuz geri dönməli olduğunuzu bildirir.

 

Reportajdan bəzi parçaları tədim edirik:

 

“Rusiya Federasiyasının sülhməramlı missiyasının əsgəri bir keçid məntəqəsində bir avtomobilin baqajını açmağı xahiş etdikdə, buna şübhəsiz ki, əməl edilməlidir. Rus hərbçiləri hər keçən maşını tam dərəcədə yoxlayırlar. Avtomobil növündən asılı olmayaraq heç bir sürücü bu prosedurdan qaça bilməz.

 

Bir nömrəli müşahidə postu, Ermənistan və Azərbaycan sərhədləri buradan üç kilometr məsafədədir. Bu yerə “Qarabağa açılan qapı” da deyilir və burada Laçın dəhlizi başlayır - Dağlıq Qarabağla Ermənistanı birləşdirən yeganə yol.

 

Sülhməramlıların üzərinə xüsusi məsuliyyət qoyan ciddi amil sərhədə yaxınlıqdır. Qarabağa yalnız maşında olan bütün insaların sənədləri olduğu təqdirdə keçmək mümkündür. Əks təqdirdə geri dönməlisiniz, heç kim üçün istisnalar yoxdur.

 

“Postun vəzifələri bölgədəki Rusiya silahlı qüvvələrinin varlığını nümayiş etdirməkdir. Həm də müəyyən hərbi və mülki nəqliyyat vasitələrinin Laçın dəhlizinə giriş-çıxışına nəzarət edirik”, - postun komandiri Aleksey Reşetnikov deyir.

 

Bir qayda pozuntusu halında avtomobil saxlanılır və daşınması qadağan olunan bütün mallar müsadirə edilir. Bəzən belə sərt qaydalar sayəsində məntəqədə həqiqi “tıxaclar” yaranır və maşınlarınızı tərk etmək qadağandır. Çöldə +40 dərəcə olduqda, tez-tez kondisionerlə təchiz olunmayan bir avtomobildə olmaq əsl sınaqdır, lakin yerli sakinlər bu tədbirlərə rəğbətlə yanaşırlar.

 

Azərbaycan və Ermənistan postları nəzarət-buraxılış məntəqəsindən üç kilometr məsafədədir. Bu qonşuluq sülhməramlıları hər zaman hazır vəziyyətdə olmağa məcbur edir.

 

Ancaq rus hərbçilərinin burada görünməsindən sonra  atəşkəs heç vaxt pozulmayıb. Və təmas xəttinin üstündə dalğalanan rus üçrəngli bayrağı yerli sakinlər üçün əlavə təhlükəsizlik zəmanətidir”.

 

Beləliklə

 

Ola bilər ki, rus hərbçilərinin belə canfəşanlığının əsl səbəbi Moskvadan gələn televiziya kameralarıdır. Çünki müşahidə məntəqəsi komandirinin sözlərinə baxmayaraq, müharibə bitdikdən bəri dəfələrlə mülki geyimli şübhəli arzuolunmaz şəxslərin deyil, hətta Ermənistan hərbçilərinin də Ermənistandan Qarabağa getməsi halları baş verib.

 

Bu yaxınlarda Bakı məhkəməsində, Üçlü Atəşkəs Bəyanatı imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan erməni hərbçilər ifadə verdilər. Onlar ərazimizə daxil olarkən Laçın dəhlizində onları heç kimin yoxlamadığını dedilər - Rusiya “sülhməramlıları” onları silahlarla ərzimizə buraxmışdılar.

 

Materialdakı “rus hərbçilərinin meydana çıxması ilə atəşkəs rejimi heç vaxt pozulmayıb” sözləri ümumiyyətlə, başa düşülmür, çünki cəmi bir neçə gün əvvəl erməni hərbçilər Ağdam istiqamətində atəş açdılar və nəticədə bir Azərbaycan əsgəri yaralandı.

 

RF MN-in televiziya orqanı, yumşaq desək, natamam bir həqiqəti yayımlayırsa, onda ən yüksək rus məmurları Qarabağda baş verənlər barədə hər şeyi bilirmi? Bəlkə Azərbaycan tərəfi sülhməramlılarla yanaşı, daha etibarlı nəzarət üçün Ermənistan və Azərbaycanın sərhəd zastavalarının Laçın dəhlizinə girənləri də yoxlamalı olduğu bir təklif irəli sürməlidir?

 

Mövzunu AYNA-ya Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov belə şərh edib:

Rövşən İbrahimov

“Əlbəttə ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin orqanı öz reportajında sülhməramlı qüvvələrin hərəkətlərinin bütün “ciddiliyini və dəqiqliyini” əks etdirməyə çalışacaq - axı bu, onların da tabe olduğu idarəyə aiddir. Ancaq digər KİV-lərin reportajlarında biz dəfələrlə Laçın dəhlizindən keçən ermənilərin sülhməramlılar tərəfindən yoxlanılmalarının fərqli bir mənzərəsini görmüşük. Və onlara görə, yoxlama proseduru olduqca sadədir.

 

Bəzən sadəcə insanlardan sənədlərini soruşurlar, hətta bu zaman ölkəmizə keçənlər maşınlarından belə, düşmürlər. Bəzən bir saniyəlik baqajı açırlar, vəssalam! Yəni “Zvezda”nın bu maskaradı, tamaşanı niyə təşkil etdiyi aydın deyil, çünki onların çəkdiklərinin digər Rusiya telekanallarının reportajları ilə müqayisə olunmasının çətin bir iş olmadığı məlumdur.

 

Yoxlama sisteminə gəlincə, erməni tərəfi məni maraqlandırmır - suverenliyini necə görmələri onların öz işidir. Ancaq Azərbaycan üçün bu ərazidəki sərhədi gec-tez nəzarətə götürmək çox əhəmiyyətlidir. Nə də olsa, heç kimə sirr deyil ki, Üçtərəfli Bəyanata görə, Rusiya tərəfi yalnız Laçın dəhlizinə nəzarət etməlidir, Azərbaycanın Ermənistanla sərhədinə yox – bəyanatda da bu barədə heç nə deyilmir.

 

Buna görə də təbii ki, Laçın dəhlizinin başlanğıcında, Ermənistanla sərhəddə bir Azərbaycan sərhəd zastavası yaratmaq lazımdır. Düşünürəm ki, bu, bir zaman məsələsidir və gec-tez olacaq. Üstəlik, erməni hərbçilərinin də dəhlizdən keçmə hallarını bilirik.

 

Ancaq Azərbaycan bu vəziyyəti tədricən, təkamül yolu ilə dəyişmək fikrinə sadiqdir. Bakı baş verənlərə daha soyuqqanlı yanaşır, çünki qaçılmaz olanın gec-tez baş verəcəyini anlayır. Hadisələrin məntiqi bir gedişi var.

 

Hazırda Ermənistan-Azərbaycan sərhədinə tam nəzarət etmək lazımdır. Postlar artıq yaradılır. Düşünürəm ki, Laçından keçid yolu çəkiləndən bir neçə müddət sonra Azərbaycan bu şəhərə tam nəzarət edəcək. Buna görə yalnız emosiyaları kənara qoymalı və seçilmiş strategiyaya uyğun olaraq tədricən ortaya çıxan bütün problemləri vaxtında həll etməliyik”.

Müəllif: Rauf Orucov