Avropa İttifaqı kreditin ayrılmasını təsdiqlədi: qərar Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 35 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat Xidməti məlumat yayıb.
İndi qərar Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan sonra o, rəsmən təsdiqlənəcək.
"Yardım Ukraynanın Rusiya təcavüzünün güclənməsi səbəbindən artan təcili maliyyə ehtiyaclarını dərhal ödəməyə yönəlib", - Şuranın məlumatında qeyd edilib.
Sentyabrda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hökumət Aİ-nin kreditini hava hücumundan müdafiə vasitələrinin alınmasına, enerji sektoruna, bomba sığınacaqlarının tikintisinə və ölkə daxilində silah istehsalına xərcləməyi planlaşdırır.
35 milyard avroluq kredit G7 ölkələrinin - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın Ukraynaya 50 milyard dollar kredit ayırması təşəbbüsünə Aİ--nin töhfəsidir. Ukraynanın maliyyəni 2025-ci ildə qəbul etməyə başlayacağı gözlənilir.
G7 planına əsasən, hər bir müttəfiqin Ukraynaya borc verdiyi məbləğ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına tədricən ödəniləcək. Kreditin maksimum ödəmə müddəti 45 ildir.
Eyni zamanda, Aİ ölkələri Rusiyaya qarşı tətbiq edilən sanksiyalara yenidən baxılması və uzadılması müddətinin 6 aydan 36 aya qədər artırılması ilə bağlı razılığa gələ bilməyib. Çünki Macarıstan buna qarşıdır. Bu tədbir ABŞ-ın kredit payını artırmaq üçün lazımdır. Vaşinqtonun fikrincə, bu, tək bir Aİ ölkəsinin istənilən vaxt sanksiyaların uzadılmasına mane ola bilməyəcəyini, Rusiyanın aktivlərini dondura bilməyəcəyini və bütün layihəni yolundan çıxara bilməyəcəyini təmin edəcək. Axı bu gəlirlər əldə olunmasa, Qərb krediti öz hesabına ödəməli olacaq.
Macarıstanın maliyyə naziri Mixali Varqa bildirib ki, Rusiyaya qarşı sanksiyalara yenidən baxılması müddətinin uzadılması məsələsi ABŞ-da noyabrın 5-nə təyin edilmiş seçkilərdən sonra həll edilməlidir.