Hərbçilərə məxsus olan 1000 cəsəd Ukraynaya qaytarılıb: 31 cəsəd isə Rusiyaya təhvil verilib
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdiriblər. AYNA.AZ xəbər verir ki, Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının məlumatında qeyd edilib ki, “Rusiya tərəfinin məlumatına görə, hərbçilərə məxsus olan 1000 cəsəd Ukraynaya qaytarılıb”. Meyitlərin şəxsiyyətinin müəyyən edilməsi proseduru aparılacaq.
Mübadilə işlərini koordinasiya edən Dövlət Dumasının deputatı Şəmsail Saraliyevin sözlərinə görə, 31 cəsəd Rusiya tərəfinə təhvil verilib.
Mübadilə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin vasitəçiliyi ilə həyata keçirilib.
Bundan əvvəlki analoji mübadilə sentyabrın 18-də baş tutub. 1000 cəsəd Ukraynaya qaytarılıb, Ukrayna isə 24 hərbçinin qalıqlarını Rusiyaya təhvil verib.
Qeyd edək ki, iki ölkənin nümayəndələri may və iyun aylarında İstanbulda keçirilən danışıqlar zamanı mübadilə haqqında razılığa gəliblər. Rusiya 9 mindən çox cəsədi Ukraynaya, Ukrayna isə təxminən 200 cəsədi Rusiyaya təhvil verib.