Lukaşeviç: “Moskva Minsk Qrupunun ləğvinin qarşısını almaq üçün heç bir səbəb görmür”
Rusiya Azərbaycan və Ermənistanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun buraxılması ilə bağlı birgə qərarını dəstəkləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “RBK”ya Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
Rusiyalı diplomatın sözlərinə görə, söhbət üç qurumun: Minsk Qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vəzifəsinin və yüksək səviyyəli planlaşdırma qrupunun işinin dayandırılmasından gedir.
“Azərbaycan və Ermənistanın onların saxlanmasının məqsədəuyğun olmaması ilə bağlı mövqeyini nəzərə alsaq, bunun qarşısını almaq üçün heç bir əsas görmürük”, - Lukaşeviç bildirib.
O qeyd edib ki, sentyabrın 1-dək qrupun buraxılmasına heç kim etiraz etməsə, “qərar qəbul edilmiş sayılacaq”.
"Nəzərə almaq lazımdır ki, bu qərarın icrası ilə bağlı inzibati və maliyyə tədbirlərinin həyata keçirilməsi bir neçə ay çəkəcək. ATƏT bu ilin dekabrından gec olmayaraq onları başa çatdırmağı gözləyir", - Rusiyanın daimi nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, avqustun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 1-də ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı qərar qəbul edəcəyini açıqlamışdı.