Məhkəmədə anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü, siyasi fəal Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. AYNA xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin özü iştirak etməyib.
Prosesdə anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Araşdırmadan sonra Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq.
Qeyd edək ki, T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. T. Yaqublu barəsində çıxarılan hökmə etiraz olaraq aclıq edirdi. O, Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital” köçürülüb. Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilmişdi.