Rusiya ermənilərindən növbəti təxribat – Amma bu dəfə alınmadı

Aktual

29.01.2022 - 15:17

Məsələ ondadır ki, təxribatçılar öz əməllərindən birdəfəlik imtina etməyiblər, sadəcə təxirə salıblar

Rusiyadakı erməni diasporu alman nasistlərinin əlaltısı Qaregin Njdenin kultunu tərənnüm və təbliğ etməkdə davam edir. Bir müddət əvvəl “Yandex.Market” şirkətinə məxsus malların seçilməsi və alınması üçün “Yandeks.Market” xidmətində 333 rus rublu dəyərində Njdenin təsviri olan şevronun satışa çıxarıldığı barədə saytımızda məqalə dərc olunmuşdu.

İndi də erməni diasporu Ermənistan ordusunun 30 illiyi münasibətilə Moskvada “Qaregin Njde” filmini nümayiş etdirmək qərarına gəlib. Belə ki, yanvarın 28-də Rusiya Erməniləri İttifaqı (SAR) Gənclər Mərkəzində, Moskva vaxtı ilə saat 17:00-da, 2013-cü ildə çəkilmiş “Qaregin Njde” filminin nümayişi baş tutmalı idi. Amma nümayişdən əvvəl Mərkəzin qarşısına gələn hüquq-mühafizə orqanlarının əməkdaşları prokurorluğun nasizmi təbliğ edən filmin nümayişinin qadağan edilməsi barədə xəbərdarlığını oxuyublar və təşkilatçılar nümayişi təxirə salıblar.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Rusiya xüsusi xidmət orqanının, İkinci Dünya müharibəsi zamanı nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin 1948-ci ildə Sovet İttifaqında mühakimə olunmasına dair sənədləri dərc edilib. Bu sənədlərə görə, Njde nə yaratdığı “Tseqakron” təşkilatının faşist mahiyyətini, nə Üçüncü Reyxin məxfi xidmətləri ilə əməkdaşlığını, nə də ermənilərin etnik qruplar arasından kəşfiyyat və təxribat-terrorçuların cəlb edilməsində və hazırlanmasında şəxsi iştirakını inkar edirdi.

Qaregin Njde ilə nasistlər arasında əməkdaşlıq məsələsinə Rusiya xüsusi xidmət orqanlarının rəsmi qiyməti Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən müharibəsi” ensiklopediyasının (Moskva, 2011-2015)  “Gizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat” adlanan altıncı cildində  “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə açıq-aydın verilir. Qeyd edək ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyası bu ensiklopediyanı ölkənin müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi altında buraxıb.

Orada (səh. 456) oxuyuruq: “Abverqrup-114 (“Dromedar”) əleyhinə aparılan gizli iş çərçivəsində əks-kəşfiyyatçılar “Njde” təxəllüsü ilə almanlara xidmət etmiş daşnak ordusunun keçmiş generalı, mühacir Ter-Arutyunyanı müəyyənləşdirərək edib həbs edilər. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində, milliyyətcə erməni olan 30-dan çox agenti cəlb edir, onların təxribat təlimlərində iştirak edib və təxribat fəaliyyətləri üçün Qırmızı Ordunun arxa cəbhəsinə göndərilib. Onun yetişdirdiyi 17 diversantın təxribat və terror aktları törətmələrinin qarşısı “Smerş”in əməkdaşları tərəfindən alınıb, onlar saxlanılıb, qalanları isə axtarışa verilib.

Belə ki, Rusiyanın rəsmi strukturlarına görə, Njde nasistlərin məxfi agenti olub, təkcə kəşfiyyat işi üçün deyil, ordunun arxa cəbhəsində və ölkə ərazisində təxribat və terror aktları törətmək üçün əsas agentlər cəlb edib. Məhz bu səbəbdən 2019-cu ilin sonunda Krasnodar diyarının Armavir şəhərində Erməni Qriqorian Kilsəsinə tabe olan Svyatopreuspensk kilsəsinin ərazisində, Njdeyə 2012-ci ildə qoyulmuş xatirə lövhəsi sökülüb.

Bu xatirə lövhəsi Rusiyadakı erməni diasporu arasında erməni nasizmi ideologiyasının təntənəsini simvolizə edir, hərbi cinayətkar Njdeyə pərəstişkarlığı tərənnüm edirdi. Belə ki, bu lövhəni qoymaqla Rusiyanın erməni diasporu nasizmin tərənnüm edilməsini pisləyən yaşadığı ölkənin rəsmi siyasətinə qarşı çıxıb.

Yuxarıda sadalanan faktlara baxmayaraq, Rusiyanın erməni diasporu müvafiq nəticələr çıxarmayıb və bu gün də SSRİ-yə qarşı müharibədə erməniləri faşist Almaniyası uğrunda vuruşmağa çağıran alman faşist əlaltısı Njdeyə pərəstiş etməkdə davam edir.

Yeri gəlmişkən, bu, SAR-ın həyata keçirdiyi yeganə təxribat deyil. Ara Abramyanın rəhbərlik etdiyi bu ictimai təşkilat bu illər ərzində Azərbaycana və Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı dəfələrlə təxribatlar həyata keçirib. Çox təəssüf ki, SAR-ın təxribatları Rusiyanın müvafiq dövlət strukturları və Azərbaycan diasporu tərəfindən nəzərəçarpacaq diqqətlə qarşılanmır.

Bu günlərdə məlum olub ki, Azərbaycanın Rusiyadakı səfiri və Heydər Əliyev Fondunun icraçı direktoru ilə görüşün yekunlarına əsasən, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov Leninqrad cəbhəsində vuruşmuş azərbaycanlıların şücaətinin əbədiləşdirilməsini təklif edib. Bu məlumat ermənipərəst rus lobbiçilərinin mənfi reaksiyasına səbəb olub, lakin onlar nasist Almaniyasının hərbi cinayətkarı Qaregin Njdenin Rusiyada şöhrətlənməsinə susmağa üstünlük verirlər. Əsas məsələ odur ki, təşkilatçılar filmin nümayişindən birdəfəlik imtina etməyiblər, təxirə salıblar. Yəni, təxribat davam edəcək...

Müəllif: Asif Aydınlı