Baş konsul Andrey Kosilinin “persona non qrata” elan edilib
Rumıniya Prezidenti Nikusor Dan Rusiyanın Konstansadakı baş konsulu Andrey Kosilinin “persona non qrata” elan edildiyini və baş konsulluğunun bağlanacağını bəyan edib.
AYNA.AZ “Europa” FM-ə istinadən xəbər verir ki, Dan dron hadisəsini "ciddi hadisə" adlandırıb. O həmçinin bəzi Rumıniya siyasətçilərini tənqid edib və onların "Rusiyanı haqlı çıxarmağa çalışdıqlarını" bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rumıniya hakimiyyətinin baş konsulluğu bağlamaq qərarına Rusiyanın reaksiyası "uzun müddət gözlənilməyəcək".
Qeyd edək ki, mayın 29-u gecəsi Rusiyaya məxsus pilotsuz təyyarə Qalatsi şəhərində yaşayış binasının damına düşüb. Rumıniya Müdafiə Nazirliyinin ilkin məlumatlarına görə, bu, Rusiyaya məxsus "Geran-2" pilotsuz təyyarəsi olub. Hadisə nəticəsində iki nəfər - ana və oğlu yaralanıb. Başqa bir pilotsuz təyyarə ölkənin şimal hissəsində, Maramureşdəki Băsești kommunasının yaxınlığında tapılıb.
Rumıniya xarici işlər naziri Oana Tsoiu hadisəni "Rusiya Federasiyası tərəfindən ciddi və məsuliyyətsiz eskalasiya" adlandırıb. Rumıniya tərəfi hadisə ilə bağlı NATO-nun baş katibinə məlumat verib və "Rumıniyaya pilotsuz təyyarələrə qarşı mübarizə imkanlarının ötürülməsini sürətləndirmək üçün tədbirlər görülməsini" istəyib.
Nazir “X” sosial media hesabında yazıb: "Rumıniya beynəlxalq hüququn və hava məkanının bu ciddi pozulmasına cavab olaraq lazımi diplomatik tədbirlər görəcək".
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipayevi də nazirliyə çağırıb və etiraz notası verib.