Ruhsar Pekcan: “Naxçıvan Azərbaycanın bizə əmanətidir”

Siyasət

11.09.2020 - 14:51

Milli Məclisin sədri Sahibə Qafarova türkiyəli nazirlə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin Ticarət naziri Ruhsar Pekcanla görüşüb.  Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən AYNA-ya bildirilib ki, Pekcan görüş zamanı deyib ki, Türkiyənin hədəfi Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır.

 

Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırıb.

 

Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqəətə çatdırdı ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq.

 

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu onun ilk rəsmi səfəridir: “Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu belədir. Biz “bir millət, iki dövlətik”. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni  zamanda,  bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir”.

 

İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin sədri bildirib ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmiryoludur və onu yalnız Qəqim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçib”.

 

Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd edib ki,  hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.

 

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az