“Ya İsrail-Fələstin tərəflərindən biri yox olacaq, ya da bir möcüzə baş verəcək”

Siyasət

03.02.2020 - 21:56

Zərdüşt Əlizadə: “Kimsə “Yaxın Şərq sülh planı”nın pozulmayacağına zəmanət verə bilməz”

 

Yanvar 28-də ABŞ Prezidenti Donald Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu ilə birgə “Yaxın Şərq sülh planı”nı açıqladı. Bu plana görə, Qüds İsrailin paytaxtı olaraq qalacaq, ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün səfirlik açacaq, Fələstinin ərazisi genişlənəcək və Vaşinqton müstəqil Fələstin dövlətinin yaradılmasına yardım edəcək.

 

Benyamin Netanyahu plana razılıq versə də, Fələstin lideri Mahmud Abbas etiraz etdi. O, Qüdsün satılmadığını, planı qəbul etməyəcəklərini və Fələstin xalqının onu "tarixin zibil qutusuna" atacağını bildirdi.

 

Türkiyədən də etiraz gəldi. Prezident Ərdoğan “Qüds İsrailə təslim olmayacaq” bəyanatını səsləndirdi: “Bu plan sülh gətirməyəcək, işləri düzəltmək üçün bir səydir. Qüdsü İsrailə təhvil vermək planı heç bir halda məqbul deyil. Bu plan fələstinlilərin bütün hüquqlarını ləğv edir və İsrail işğalını qanuniləşdirir”.

 

Öz növbəsində Avropa İttifaqı da Trampın planına isti yanaşmadı. “ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki nizamlanma təşəbbüsü İttifaqın problemi həll etmək üçün irəli sürdüyü tələblərə cavab vermir”, - deyə İsveçin Xarici İşlər naziri Ann Linde söylədi.

 

Qeyd edək ki, "əsrin sövdələşməsi" kimi ifadə edilən sözügedən planda, həmçinin Qəzza bölgəsinin Fələstinin digər əraziləri ilə bağlantısı üçün tunelin inşası da nəzərdə tutulur.

 

Mövzunu AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, fələstinlilər bu işə qol qoymayacaqlar: “Hətta onlar razılığa gəlsələr belə, danışıqların sonradan pozulmayacağına kim zəmanət verir? Xatırlayırsınızsa, Tramp hakimiyyətə gəldikdən sonra İranla nüvə razılaşmasını pozdu. Heç bir beynəlxalq qurum ABŞ Prezidentini inadından döndərə bilmədi. Beynəlxalq hüququn əsas pozucuları kimi məşhur olan İsrailin və ABŞ-ın sözügedən razılaşmaya da əməl edəcəyinə kimsə zəmanət verə bilməz”.

“Bir tərəfdən Fələstini tamamilə qarət edirlər, digər tərəfdən Vətən əvəzinə 50 milyard dollar təklif edirlər. Fələstinlilər buna getməyəcəklər. Bu, Tramp tərəfindən Netanyahuya seçkiöncəsi dəstəkdir. Habelə Tramp özü üçün yəhudilərin dəstəyini qazanmağa çalışır. Ortada impiçment söhbəti var”, - politoloq bildirib.

 

Z.Əlizadə dünyada əsrlər boyu davam edən və həlli müşkülə çevrilən problemlərin çox münaqişələrin çox olduğunu deyib: “Məsələn, Hindistanla Pakistan arasında davam edən Kəşmir münaqişəsi, Qarabağ münaqişəsi, Yaxın Şərq münaqişəsi kimi xeyli sayda münaqişələr var ki, həllini tapmaq asan deyil. Bəlkə zaman gələcək, bu münaqişələr həll ediləcək, amma bu günə qədər İsrail cəmiyyətinin əhval-ruhiyyəsi və Fələstin cəmiyyətinin əhval-ruhiyyəsi münaqişənin sülh yolu ilə həllini istisna edir. Tərəflərdən biri yox olacaq, ya da bir möcüzə baş verəcək -  anidən ayılacaqlar və tərəflər güzəştə gedəcək”.

Müəllif: Nicat Hacıyev