“Rövnəq Abdullayev və komandası dərhal istefaya göndərilməlidir”

İdman

08.09.2020 - 19:19

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan futbolu dərin böhran içərisindədir və mütəxəssislər tək çıxış yolu görürlər

 

Bir neçə gün öncə futbol üzrə Azərbaycan milli komandası Lüksemburqun milli komandası ilə qarşılaşıb. Nəticədə Avropanın ən zəif komandalarından sayılan Lüksemburqa milli komandamız 1:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyət futbol azarkeşlərinin qəzəbinə səbəb olub. Azarkeşlər məğlubiyyətin səbəbini AFFA rəhbərliyində görürlər. AYNA mövzuya dair idman yazarlarının fikirini öyrənib.

 

Natiq Muxtarlının fikrincə, Azərbaycan futbolunun bircə problemi var – idarəçilik: “Təəssüf ki, Azərbaycan futbolu uzun müddətdir ki, qeyri-peşəkarların, futbolu yox, şəxsi qazancını düşünən insanların idarəçiliyi altındadır. Bu adamlar özlərini sığortalamaq üçün “Azərbaycanda məşqçi yoxdur, futbolçu yoxdur” tezisini gündəmə gətirdilər. Amma Qurban Qurbanov “Qarabağ”la qazandığı uğurlarla onların bu tezisini məhv etdi. Qurban Qurbanovu da tələyə salıb milli komandaya gətirdilər, onu nüfuzdan saldılar və əməllərinə davam etdilər. Azərbaycanın bölgələri istedadlı uşaqlarla doludur. Amma Azərbaycanın bölgələrində o istedadlı uşaqları futbolçu kimi yetişdirmək üçün infrastruktur yoxdur”.

No description available.

“AFFA rəhbərliyi uşaq futbolunun inkişafı ilə qətiyyən maraqlanmır. Onlar üçün futbol təsərrüfatı çirkli vəsaitin yuyulması üçün uyğun məkandır. Hər il SOCAR-dan, yəni dövlətdən futbolun inkişafı üçün 20 milyon manatdan çox vəsait ayrılır. Onlar da bu vəsaitin müəyyən qismini “yuyur”, qalanını da özlərinin futbola gətirdikləri şəxslər arasında bölürlər. Azərbaycanda bütün sahələrdə islahatlar aparılır. Bu islahatlar labüddür, vacibdir. O cümlədən futbol təsərrüfatında da islahatlar qaçılmazdır. Bu idarəçilər dəyişməyənə qədər Azərbaycan futboluna nicat yoxdur. Onların AFFA-dakı hər ili futbolumuzu 10 il geri salır”, - mütəxəssis deyib.

 

Onun sözlərinə görə, Lüksemburqa məğlub olmaq ayaq altında qalmaq deməkdir: “Avropa futbolunda bundan aşağı yer yoxdur. Bütün Avropada futbol inkişaf etdiyi halda, biz Lüksemburqun ayağı altına necə düşdük? Axı, dövlət o qədər vəsaiti bunun üçün ayrımırdı. O vəsaitin hesabatını kim verməlidir? FİFA və UEFA-da korrupsiya əməliyyatı aparılandan sonra dünyanın bütün ölkələrində futbol federasiyalarının rəhbərləri dəyişdi, Azərbaycandan başqa. Onlar eyni korrupsiya əməliyyatlarını davam etdirdilər. Bilirsiniz, AFFA-dakı korrupsiya çılpaqlığı ilə görünür. Bunu sadə azarkeş də görür. Görür və “niyə tədbir görülmür” sualını verir. Beləcə, həmin sadə azarkeşdə ölkədə aparılan islahatlara, korrupsiya əməllərinə qarşı mübarizəyə şübhə yaranır”.

 

“Belə çıxır ki, AFFA prezidenti Rövnəq Abdullayevin korrupsiya ilə məşğul olmaq üçün lisenziyası var və o, bu ölkədə istədiyini edə bilər. Axı, yazırdıq, deyirdik ki, xaricdən məşqçi gətirməyə ehtiyac yoxdur, çünki o məşqçinin əlinin altında futbolçu yoxdur, nəticə verə bilməyəcək. Amma nə fayda... AFFA rəhbərliyi İtaliyadan 6 məşqçi gətirib, onlara il ərzində 5 milyon manat ödəniləcək. Koronavirusun iqtisadiyyata ciddi zərər vurduğu bir vaxtda biz o 5 milyonu niyə italyanalara verməliyik? Axı, bu gün Lüksemburq qarşısında ona görə aciz qalırıq ki, futbolçu yetişdirməmişik, bu işlə məşğul olmamışıq”, - Muxtarlı bildirib.

 

“Futbolçumuz ona görə rəqibə şıllaq atır, ona görə hava topuna əllə müdaxilə edir ki, onun peşəkarlğı çatışmır, onu belə öyrədiblər. Azərbaycanda uşaq futbolunda kadr çatışmazlığı var. İnfrastrukturdan isə danışmağa dəyməz. Əslində, peşəkar kadrlarımız olsaydı, quru torpağın üzərində də futbolçu yetişdirmək olardı. SSRİ vaxtı futbolçuları məhəllələrdən tapırdılar. İndi məhəllə futbolu da yoxa çıxıb. Biz uşaq məşqçilərinin peşəkarlaşması üçün heç bir addım atmadıq. 300 manat alan məşqçi futbolçu yetişdirmək haqda düşünməz. O məşqçi valideynin əlinə baxmağa möhtacdırsa, ədalətli olmayacaq, istedadlını istedadsıza qurban verəcək. Çünki onun valideynindən asılıdır. AFFA rəhbərliyi xaricdə uşaq məşqçiləri üçün keçirilən seminarlara, kurslara katibələrini göndərdi uzun illər. Bir deyil, iki deyil, yüzlərlə belə dəhşətli faktlar var. Hansını deyəsən, hansından yazasan? Azərbaycan futbolu ayaq altındadır. Onu qaldırmaq üçün Rövnəq Abdullayev və komandası dərhal istefaya göndərilməlidir. Futbol peşəkarlara həvalə edilməlidir, onlardan da nəticə tələb olunmalıdır. Başqa çıxış yolumuz yoxdur. Gecikirik. İndi hər gün də qiymətlidir”, - müsahibimiz vurğulayıb.

No description available.

Kənan Məstəliyev də o fikirdədir ki, bizim tək problemimiz peşəkar yanaşmanın olmamasıdır: “Azərbaycan futbolunun probleminin oyunçular, məşçilər, hakimlər olmadığını artıq 10 ildən çoxdur bilirik və deyirik. Deməkdən, danışmaqdan, yazmaqdan yorulmuşuq. Azərbaycanda həm uşaq futbolu, həm də böyük, peşəkar futbol ciddi böhrandadır. Ölkənin əsas çempionatı olan Premyer-Liqada cəmi 8 komanda iştirak edir, onların da 7-si de-fakto Abşeron yarımadasını təmsil edir, biri isə “Qəbələ”dir, o da demək olar ki, gününün yarısını Bakıda keçirir. Azərbaycanın tarixi futbol mərkəzlərindən olan Tovuz, Gəncə, Lənkəran, Qusar, Zaqatala, Naxçıvan və digərləri faktiki dilənçi vəziyyətindədir, ən yaxşı halda I divizyonda təmsil olunurlar. Daha doğrusu, bu, elə təmsilçilikdən başqa bir şey deyil. Buradan elitaya nə futbolçu çıxır, nə də hansısa inkişaf perspektivi görünür”.

 

İdman jurnalisti bildirib ki, uşaq futbolunda yarışlar sadəcə ad olsun deyə təşkil olunur, ən aşağı yaşlardan yuxarıya keçid sistemi düzgün təmin edilməyib, yüzlərlə, minlərlə istedad itib-batır: “Bunun nəticəsidir ki, əsas milli komandanın əksər üzvləri ya legionerdir, ya da Azərbaycan futbol məktəbinin yetirməsi deyil - yaxın-uzaq qohum, dostluq, tanışlıq yolu ilə özlərinə “cığır” açıblar. Yığma Avropanın cırtdanlarına məğlub olur, FİFA-nın reytinq sıralamasında ilk yüzlüyə daxil olduğu günü heç birimiz xatırlamırıq da. Fərqli idarəetməsi olan “Qarabağ” istisna olmaqla, klublarımız avrokuboklarda mütəmadi qapazaltı olmaqla yadda qalır, ən yaxşı halda, iki mərhələ adlamaqla işlərini bitmiş hesab edirlər”.

 

“Bir sözlə, gələcəyə ümidlə baxmaq üçün heç bir işıq yoxdur. Tunelin o başında görünən işıq isə, çox böyük ehtimalla, qatardır. Çıxış yolu nədir? AFFA-da köklü dəyişikliklər edilməli, rəhbərlik tam şəkildə istefa verməli, yeni nəsil idarəetmə tətbiq edilməlidir. Hazırda bu qurumu idarə edənlərin futbola, idmana, ümumilikdə bu işə baxış bucağı köhnəlib, cəhdləri nəticə vermir, hər şey lap pisə doğru gedir. Getmək üçün bu gün də gec deyil. Hazırda ölkə futbolunun inkişafı üçün ən doğru çıxış yolu məhz istefadır”, - Məstəliyev əlavə edib.

No description available.

İdman mütəxəssisi Araz Əhədov isə fikirlərini qısaca belə ifadə edib: “Azərbaycan futbolunun yeganə xilas yolu - onu bu kökə salan indiki AFFA rəhbərliyinin istefa verməsindən keçir”.

Müəllif: Təranə Xudabaxşiyeva