"AB öz maraqlarını qorumaq üçün lazım ola biləcək heç nədən imtina etməməlidir”
“Avropa Birliyi (AB) ölkələri ABŞ-ın Qrenlandiyaya qarşı iddiaları qarşısında Birliyin maraqlarını qorumaq üçün lazım ola biləcək heç bir tədbirdən imtina etməməlidirlər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Avropa Komissiyasının (AK) rəqabət üzrə vitse-prezidenti Tereza Ribera "The Financial Times" (FT) qəzetinə deyib.
"AB öz maraqlarını qorumaq üçün lazım ola biləcək heç nədən imtina etməməlidir. AB-nin mümkün tədbirlər menyusu var", - deyə AB rəsmisi qeyd edib.
Ribera müzakirə olunan konkret əks tədbirləri dəqiqləşdirməyib. O tərəflərin vəziyyəti sakitləşdirmək üçün çalışmalı olduğunu, lakin Brüsselin zəruri hallarda əlavə əks tədbirlər görməyə hazır olmalı olduğunu vurğulayıb.
Yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafındakı vəziyyətlə əlaqədar bir neçə Avropa ölkəsinə qarşı tariflər elan etdi. Tədbirlər Danimarka, İsveç, Fransa, Almaniya, Hollandiya və Finlandiyaya, eləcə də AB-yə daxil olmayan Böyük Britaniya və Norveçə təsir edəcək.
Tariflər 10 faiz təşkil edəcək və qərar 1 fevral 2026-cı il tarixindən qüvvəyə minəcək. Bundan əlavə, Amerika lideri bu rüsumları 1 iyundan etibarən 25 faizə çatdırmaqla hədələyir.