Respublikaçıların qəzəbi: sanki Zelenski “təslim olmağa hazırıq” deməliymiş

Dünya

26.09.2024 - 14:12

Həkimlər Klinikalar SEO Xidməti

Məgər respublikaçılar idarə etdikləri ştatlarda yerləşən hərbi müəssisələrə dəvət etsəydilər, Zelenski getməzdi?

Ukrayna Prezidenti Volodimir Zelenskinin Pensilvaniyada yerli qubernator və digər demokratlarla bərabər hərbi müəssisəni ziyarət etməsi respublikaçıları qəzəbləndirib. Spiker Conson bəyanat yayaraq Zelenskini səfəri təşkil edən Ukrayna səfirini vəzifədən uzaqlaşdırmağa çağırıb. Tramp isə 2 gündür Solovyov, Popov-Skabeyeva və digər Putin təbliğatçılarının studiya qonağı tərzində sərsəm, isterik çıxışlar edir.

Pensilvaniya prezident seçkilərinin nəticələrini müəyyən edən 7 ştatdan biri və ən vacibidir. Respublikaçılar Zelenskinin bu çəkişməli ştata ziyarətini, eləcə də onun vitse-prezidentliyə namizəd Vensi tənqid etməsini Kamala Harrisin kampaniyasına dəstək və ABŞ-ın daxili işlərinə qarışmaq kimi qiymətləndirirlər.

Amma respublikaçıların dönüb aynaya baxmaları və "biz nə edirik, hara gedirik" sualını özlərinə vermələri lazımdır. Şanlı ənənələrə malik partiya cahil və ağıldankəm adama təslim edilib. Linkolnun, T.Ruzveltin, Reyqanın partiyasında respublikaçılıq dəyərləri və ABŞ-ın quruluş fəlsəfəsi ilə hər hansı əlaqəsi, bağlılığı olmayan bir ailə və onları dəstəkləyən radikallar at oynadır. MAGA, QAnon ardıcılları və rednek qrupları ənənəvi, mötədil-mərkəzçi respublikaçıları tamamilə küncə sıxışdırıb. Əlbəttə ki, bu vəziyyətin yaranmasının bir çox obyektiv səbəbi var, mən indi dərinə getmədən sadəcə reallığı qeyd edirəm.

Tramp o qədər düşüncəsizdir ki, seçkilərin taleyinin bəlkə bir neçə min, hətta ola bilsin bir neçə yüz səslə həll olunacağı Pensilvaniya, Miçiqan və Viskonsində 2 milyon polyak əsilli ABŞ vətəndaşının yaşadığını nəzərə almır, bəlkə də bilmir. (Harris debat zamanı onlara mesaj verdi.) Conson və digərləri Zelenskinin addımından narahat olmazdan əvvəl bunu öz namizədlərinə xatırlatmalı idilər. Bəlkə də xatırladıblar, amma Tramp rasional təklif və tövsiyələri dinləyən, dərk edən tip deyil. Polşa və Şərqi Avropanın potensial Rusiya təhlükəsi qarşısında müdafiə olunacağını, NATO çərçivəsindəki öhdəliklərə sadiqliyini söyləməməsi bir yana qalsın, tam əksinə, Tramp sıfır tarix bilgisi ilə rusların Napoleonu, Hitleri məğlub etməsindən heyranlıqla danışır (özü oxumayıb, kimsə ona deyib) və rusları məğlubedilməz adlandırır. Hitler üzərindəki qələbədə ukraynalılar başda olmaqla bütün sovet xalqlarının və öz ölkəsi ABŞ-ın rolundan isə o, əlbəttə ki, xəbərsizdir.

Seçki kampaniyası başladıqdan bəri Tramp demək olar ki, hər çıxışında Viktor Orbanın ona dəstəyindən qürurla bəhs edir, dünyadakı avtoritar liderlərə simpatiyasını gizlətmir. Ətrafındakı bir nəfər də demir ki, zalım oğlu, axı bu sənə nə qazandırır, Orban nə vacib adamdır ki, hər gün onun adını çəkirsən, 40 dəfə, 50 dəfə söylədin, bildik, daha bəsdir.

Trampın demensiyadan əziyyət çəkdiyi göz önündədir, respublikaçıların Bayden haqqında dediklərinin tamamını rahatlıqla Trampın özünə aid etmək olar.

2016-cı ildə Çin əleyhdarlığı dalğasında hakimiyyətə gələn, əvvəlki prezidentləri, xüsusən demokratları Çinə təslim olmaqda, bu ölkədən qeyri-məhdud idxala şərait yaradaraq ABŞ sənayesini məhv edib milyonlarla fəhləni işsiz qoymaqda, zavod-fabriklərin bağlanmasında ittiham edən və seçildikdən sonra Çinə qarşı ticarət müharibəsi başladan Tramp indi bunları unudaraq seçilərsə Çin lideri ilə çox yaxşı əlaqələr quracağını və Tayvanı müdafiə etməyəcəyini deyir.

Ukraynada 24 saat ərzində sülh əldə edəcəyini hər gün təkrarlayan Tramp unudur ki, öz 4 illik prezidentliyi dövründə də Rusiya-Ukrayna münaqişəsi var idi. Ukraynaya hərbi yardıma qarşı çıxan, bunun müharibəni daha da qızışdırdığını vurğulayan Tramp unudur ki, Ukraynaya ilk ABŞ silahlarını məhz o özü verib və Rusiya Ukrayna ərazilərini Kiyevə 1 güllə belə göndərməyən Nobel Sülh Mükafatı laureatı Obama dövründə işğal edib. Yəni əslində demokratlar respublikaçılardan, Obama Trampdan daha sülhsevər siyasət yeridib, həmin siyasətin nəticələri isə ortadadır. Sülhsevər və pasifist siyasətin Putini ekspansiyaya daha da həvəsləndirdiyini Qərbdəki bəzi kütbeyinlər hələ də ya anlamır, ya da riyakarcasına anlamırmış kimi davranırlar. 

Tramp son günlər dayanmadan Zelenskinin qarasınca öz səviyyəsinə uyğun, ağzına gələni danışır. Çünki Zelenski faktiki olaraq Ukraynanın kapitulyasiyasını ehtiva edən bədnam “sülh planı” irəli sürən Vensi tənqid edib, onu radikal adlandırıb. Sanki Zelenski "tamam, təslim olmağa hazırıq" deməliymiş. Onun Pensilvaniyaya getdiyi üçün tənqid olunması da absurddur. Məgər respublikaçılar idarə etdikləri ştatlarda yerləşən hərbi müəssisələrə dəvət etsəydilər, Zelenski getməzdi? Respublikaçı qubernatorlar Trampın mövqeyini bildikləri üçün belə dəvətlər göndərməkdən çəkinirlər. 

Tramp kimi birinin Respublikaçılar Partiyasının lideri olması və ABŞ əhalisinin az qala yarısının 3-cü sinif şagirdi səviyyəsində çıxışlar edən bu adamı alqışlayıb ona səs verməsi, səbəbləri nə olursa olsun, tragikomediyadır. Bu, ABŞ toplumunun kənardan göründüyü və düşünüldüyü qədər yetkin olmadığını göstərir.

Şahin  Cəfərli - Politoloq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş