Yanğın nəticəsində xəsarət alan olmayıb
Respublika Perinatal Mərkəzində yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Yanğın Mərkəzinin dördüncü mərtəbəsində baş verib. Yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Hadisənin ilkin səbəbi hələlik bəlli deyil.
Yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova açıqlayıb.
"Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb", - mətbuat katibi vurğulayıb.
Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.
"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir", - o diqqətə çatdırıb.






