Baş nazir: “Çünki ərazimizin 10 faizi - Abxaziya və Cənubi Osetiya Rusiya Federasiyası tərəfindən işğal olunub”
“Rəsmi Tiflis Abxaziya və Cənubi Osetiyanın işğalı səbəbindən Moskva ilə diplomatik münasibətləri bərpa etməyi planlaşdırmır”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Bağışlayın. Yox, yox, yox. Bununla bağlı heç bir plan yoxdur, çünki ərazimizin 10 faizi - Abxaziya və Cənubi Osetiya Rusiya Federasiyası tərəfindən işğal olunub”, Baş nazir vurğulayıb.
Kobaxidze əlavə edib ki, rəsmi Tiflis “milli maraqlara uyğun siyasət yürüdür”, lakin “bizim məsələn, xarici siyasət oyunçuları ilə o qədər də ciddi əlaqələrimiz yoxdur”.
Xatırladaq ki, may ayının sonunda Baş nazir qeyd edib ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq, ölkənin ərazi bütövlüyünü bərpa etmək və 2030-cu ilə qədər Avropa İttifaqına daxil olmaq niyyətindədir: “Bizim arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaş və bacılarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır. Vahid və güclü Gürcüstan 2030-cu ildə Avropa ailəsinin tamhüquqlu üzvü olmalıdır”.
Qeyd edək ki, Abxaziya və Osetiya 1990-cı illərin əvvəllərində “müstəqilliklərini” elan etdilər. Amma onlar 15 il ərzində BMT-nin heç bir ölkəsi tərəfindən tanınmadı. Gürcüstan 2008-ci ilin avqustunda qoşun yeridərək Cənubi Osetiya üzərində nəzarəti bərpa etməyə cəhd göstərdikdən sonra hər şey dəyişdi. Rusiya vəziyyətə müdaxilə etdi. Moskvanın “sülhün tətbiqi əməliyyatı”, Tiflisin isə Gürcüstana qarşı hərbi təcavüz adlandırdığı beş günlük müharibədən sonra Kreml Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” tanıdı. Bundan sonra Venesuela, Nikaraqua, Nauru və Suriya da eyni addımı atdı. Rusiya öz hərbi bazalarını özünü “müstəqil” elan etmiş Abxaziya və Cənubi Osetiya ərazisində yerləşdirdi.