Türkiyə XİN: “Bölgədə və dünyada sülh və sabitliyin bərqərar olması üçün çalışırıq”
“1915-ci il hadisələri ilə bağlı tarixi faktlarla və beynəlxalq hüquqla bağlı olmayan açıqlamalar etibarlı deyil. Buraya ABŞ prezidenti Co Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir”. AYNA xəbər verir ki, bu bəyanatla Türkiyənin Xarici İşlər Nazirliyi çıxış edib.
Türkiyə XİN qeyd edib ki, tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran bəyanatları və qərarları rədd edir, bu səhvdə israr edənləri qətiyyətlə qınayır: “Tarixdə düşmənçilik yaratmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli və qərəzli yanaşmalar mənəvi baxımdan problemlidir və siyasi motiv daşıyır. Türkiyə ermənilər də daxil olmaqla, bütün Osmanlı əhalisinin çəkdiyi əziyyətləri hörmətlə xatırlayır. Biz bu ağrıları siyasiləşdirmək cəhdlərini rədd edirik. Türkiyə bu fikirdədir ki, 1915-ci il hadisələri kimi tarixin mübahisəli dövrləri qərəzsiz, elmi-hüquqi prinsiplər çərçivəsində araşdırılmalıdır. Türkiyə bu məqsədlə müştərək tarix komissiyasının yaradılmasını təklif etdi və bütün arxivlərini açdı. Türkiyə bölgədə və dünyada sülh və sabitliyin olması, əməkdaşlıq ruhunun ön plana çıxması üçün çalışır. Ermənistanla başlayan normallaşma təşəbbüsü də bu konsepsiyanın növbəti təzahürüdür”.