“Regionda silahlı toqquşmalara zəmin hazırlanır” – Deputatlardan narahatlıq və narazılıq

Aktual

21.10.2022 - 14:08

Zahid Oruc: “Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər”

Siyavuş Novruzov: “İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur"

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyinə 50 məsələnin daxil edildiyi toplantıda deputatlar əvvəlcə gündəmlə bağlı fikirlər səsləndirib, təkliflər irəli sürüblər.

Milli Məclisin Sədri Sahibə Qafarova Sahibə Qafarova dünən Şərqi Zəngəzurda açılışı edilən aeroport, Azərbaycan və Türkiyə prezidentlərinin tədbirdəki iştirakı barədə danışıb: “Dünən Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımızla böyük qürur hissi ilə izlədik”.

Spiker: “Türkiyə bir daha sübut etdi ki, Azərbaycanın yanındadır”

“Xalqlarımız və dövlətlərimiz arasında dostluq əlaqələri bizim ən böyük uğurumuzdur. Oradan verilən əsas mesaj prezident İlham Əliyevin dediyi kimi, biz gec-tez öz torpaqlarımıza qayıdacağıq. Türkiyə bir daha sübut etdi ki, bu gün də Azərbaycanın yanındadır”, - deyə Qafarova söyləyib.

Spiker deyib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana necə siyasi, mənəvi dəstək göstərmişdisə, bərpa prosesində də Azərbaycanın yanındadır: “Xalqlarımızın dostluğu və qardaşlığı bizim güc mənbəyimizdir. Zəngilanda verilən mesajlardan biri də o idi ki, biz öz torpaqlarımıza qayıtmışıq".

“Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc çıxışında deyib ki, bu gün Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub: “Belə bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, ən yüksək protokolla Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu. Avropa Parlamenti, AŞPA və onlarla dövlətin XİN-ləri, qlobal medianın apardığı kampaniyanın üzərinə Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünənsə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır. Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir”.

“Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb. Qərbin hazırki mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək”, - Z.Oruc əlavə edib.

“İran ordusu Zəngəzur dəhlizinin deyil, “Araz koridoru”nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır”

Deputatın sözlərinə görə, erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin Bakını ələ keçirməyi simulyasiya etdiklərini yazır: “Halbuki baş örtüyü tələbinə qarşı ayağa qalxan milyonlarla insanın etirazını söndürməmiş Araz çayını keçməyi məşq etməyin hədəfi biz ola bilmərik. İran ordusu Zəngəzur dəhlizinin deyil, “Araz koridoru”nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd  istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər”.

“Paşinyan Amazasp Ohancanyanın yolunu gedir”

“Hadisələr düz yüz il əvvəlki ssenari üzrə gedir, tarix təkrarlanır. Bir əsr qabaq da Osmanlıdan üz döndərən erməni liderləri əvvəlcə rus çarına sığındılar. Daha sonra Birinci Dünya müharibəsində məğlub olan Rusiya imperiyasının xeyirxahlığını və yardımını unudub Vudro Vilsondan himayə, arbitraj qərarı və ordu istədilər. O vaxt da indiki kimi amerikalı general Harbord köməyə gəldi, lakin Ermənistana ərazini və dövləti bolşeviklər verdi. Ona görə də Paşinyan birinci erməni respublikasının Baş naziri Amazasp Ohancanyanın yolunu gedir. Rusiyanın indiki müharibədə aqibətini gözləmədən, Lenin-Atatürk razılaşmasını qınayan xalqı ilə birlikdə 30 ildir onu qoruyan hərbi bloku tərk edir, “5000 rus əsgərini çıxar, biz ordu göndərək” deyən dövlətlərə sığınır”, - deyə millət vəkili əlavə edib.

Deputat qeyd edib ki, Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər: “Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda  İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq”.

“Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”

“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə keçmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”. Bu sözləri isə deputat Siyavuş Novruzov deyib.

Millət vəkili qeyd edib ki, işğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır: “İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur".

“Bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz. Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutu oldu", - Novruzov vurğulayıb.

“Regionda gərginliyi artırmağa çalışanlar bu mesajı düzgün oxumalıdırlar”

Deputat Azay Quliyev çıxışında Şərqi Zəngəzurda dünən keçirilən tədbirlərdən danışıb: “Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Zəngilanın işğaldan iki il öncə, 20 oktyabr 2020-ci ildə azad olunduğu gündə açılış törəninin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır”.

“Bütün dünyaya barış və sülh mesajı verən liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir. Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının deyil, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi. Ermənistanı silahlandıraraq regionda gərginliyi artırmağa çalışanlar bu mesajı düzgün oxumalıdırlar”, - deyə deputat bildirib.

Millət vəkili: “ATƏT-in belə bir “partizanlığa” əl atması acı təəssüf hissi doğurur”

Bununla yanaşı, A.Quliyev qeyd edib ki, ATƏT-in hazırkı sədrliyinin və Beynəlxalq Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi haqqında qərarı ciddi səhvdir və qanunsuzdur: “ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur, belə bir missiyanın göndərilməsi məsələsini müzakirə və kollektiv qərar qəbul etmədən göndərmək ATƏT-in təməl prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Belə çıxır ki, ATƏT mövcud qaydalara zidd olaraq və gizli şəkildə qərar qəbul edib, üzv ölkələrin ödədiyi büdcə hesabına bu “missiyanı” maliyyələşdirməyi planlaşdırır”.

“Minsk Qrupunun iflasa uğramasından sonra ATƏT-in belə bir “partizanlığa” əl atması acı təəssüf hissi doğurur və təşkilatın bir neçə dövlətin maraqları naminə istismar edildiyini göstərir. Azərbaycan XİN-nin açıqladığı kimi, heç bir halda bu, qrup ATƏT-in mandatına malik ola bilməz, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Əminəm ki, bu qanunsuz missiyanın hər hansı bir nəticəsi və ya hesabatı təkcə Azərbaycan tərəfindən deyil, bir çox ölkələr tərəfindən də ATƏT sənədi kimi qəbul edilməyəcək”, - deyə deputat fikrini yekunlaşdırıb.

Müəllif: Anar Bayramoğlu