Rayon sakinləri “müvəqqəti narahatlıq”dan təngə gəlib, vədlər yerinə yetirilmir

Cəmiyyət

06.06.2020 - 16:50

Elektrik enerjisinin verilişi gün ərzində dəfələrlə kəsilir və problem təmir işləri ilə əlaqələndirilir

 

Bir müddət əvvəl Lerik rayonunda elektrik enerjisinin verilməsində tez-tez kəsintilər yaşanması ilə bağlı problemi işıqlandırmışdıq. Lerik-Lənkəran şosesinin 30-cu kilometrliyində yerləşən Hamarmeşə kəndinin sakinlərinin dilindən yazmışdıq ki, elektrik enerjisi gün ərzində dəfələrlə kəsilir.

 

“Məktəblər bağlı olduğu üçün Təhsil Nazirliyinin göstərişi əsasında uşaqlar hamısı onlayn dərs sisteminə keçiblər. Səhər sübhdən oyanıb dərsə hazırlaşan uşaqlar elə ekran başına keçib müəllimləri ilə salamlaşırlar ki, işıq sönür. Müəllimin sözü ağzında, uşaqların arzusu ürəyində qalır”, - deyə ötən yazımızda qeyd etmişdik.

 

Və o zaman “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu AYNA-ya demişdi ki, Lerik rayonunda, həmçinin bir sıra başqa bölgələrdə elektrik dirəkləri və naqillərinin təmir-bərpa işləri gedir: “Bütün ölkə ərazisində bölgə-bölgə bərpa prosesi davam etməkdədir. Əyri dirəklərin düzəldilməsi, sıradan çıxmış naqillərin yenilənməsi ilə bağlı elektrik enerjisinin verilməsində müəyyən fasilələr yaranır. Demək olar ki, işlər artıq yekunlaşıb. Bundan sonra işıqlar kəsilməyəcək”.

 

Göründüyü kimi, vəd verilmişdi... Lakin, təəssüf ki, problem hələ də həllini tapmayıb. Sakinlərdən AYNA-ya verilən məlumata görə, Lerik rayonunun müxtəlif kəndlərində elektrik enerjisi yenə də fasilələrlə verilir. Camaatın giley-güzarını isə nə "Azərişıq" eşidir, nə də Rayon İcra Hakimiyyəti (RİH). Halbuki, sakinlər işıq problemi ilə bağlı dəfələrlə Lerik RİH başçısı Rövşən Bağırova müraciət ediblər. Nə fayda...

 

Problemlə bağlı AYNA yenidən “Azərişıq” sözçüsü Vaqif Aydınoğlu ilə əlaqə saxladı. O, hazırda Goranboy rayonunda olduğunu dedi və məsləhət gördü ki, 199 Çağrı Mərkəzi ilə əlaqə saxlayaq. Uzun çəkən cəhdlərdən sonra "Azərişıq"ın “qaynar xətti” ilə əlaqə saxlaya bildik.

 

Çağrı Mərkəzindən belə cavab aldıq: "Təmir-bərpa işləri getdiyi üçün kəsintilər olur. Biləsuvar, Cəlilabad, Lənkəranda da eyni proses gedir və bu səbəblə elektrik enerjisinin verilməsi dayanır. Biz məlumatı rəhbərliyə çatdırarıq".

 

ASC-nin Lerik rayonu üzrə baş mühəndisi Əlican Şahbazovla da əlaqə saxladıq. O da vəziyyəti təmir işləri ilə əlaqələndirdi: "Bibiyani kəndində təmir işləri gedir. Bununla bağlı müəyyən saatlarda naqillər açılır. Ancaq biz çalışırıq ki, dərs saatlarında enerjinin verilməsi davam etsin".

 

3 iyun saat 11:00-da və 15:00-da onlayn dərsə başlayan 2-ci və 1-ci sinif şagirdləri işığın kəsilməsi səbəbi ilə dərsdə iştirak edə bilmədilər. Tədris ilinin bitməsinə rəğmən, hələ də proqramı bitirə bilməyən şagirdlər, görünür, "Azərişıq"ın kəsintilərinə görə bütün yay boyunca kitab üzrə proqramı yekunlaşdıra bilməyəcəklər. Bu məsələni də baş mühəndisin diqqətinə çatdırdıq. O isə israrla bildirdi ki, dərs saatlarında işıqlar kəsilmir: "3 iyun saat 16:00-da dərs saatı başladığı üçün biz naqilləri qoşduq. Bu məsələyə xüsusi diqqət göstəririk".

 

Lakin "Azərişıq"ın məsul şəxslərinin və Lerik rayonu üzrə baş mühəndis Əlican Şahbazovun nəzərinə çatdırırıq ki, rayon üzrə bütün şagirdlərin dərs saatı 16:00-da deyil. Dərs saatları müəllimlərin plan-proqramlarına uyğun olaraq müxtəlif saatlara təyin olunub. Məsələn, Hamarmeşə kəndində 2-ci siniflərin dərs saatı 11:00-da, 1-ci siniflərin dərs saatı 15:00-da başlayır. Ayrıca, 3 iyun tarixində elektrik enerjisi 15:00 ərəfəsində kəsilib və 16:30-da bəpa edilib...

Müəllif: Bünyamin