“Qlobal Çağırışlar və İslam İqtisadiyyatı: mental, hüquqi və iqtisadi aspektlərin təhlili” mövzusunda onlayn konfrans keçirilib

Xəbərlər

21.12.2020 - 19:08

Konfrans iştirakçıları mövzu ilə bağlı təkliflər irəli sürüblər 

 
Dekabrın 20-də UNEC tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi – Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Qlobal Çağırışlar və İslam İqtisadiyyatı: mental, hüquqi və iqtisadi aspektlərin təhlili” mövzusunda onlayn konfrans keçirilib.
 
Konfransda UNEC-in dekanları, professor-müəllim, eləcə də tələbə heyəti iştirak edib.
 
Konfransın açılışını UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov edib. Daha sonra o, çıxış üçün sözü ilk olaraq professor Elşad Məmmədova ötürüb.
 
Elmi tədbirdə baş məruzəçi olaraq çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov İslam İqtisadiyyatının bundan sonra da onun elmi planlarına daxil ediləcəyini vurğulayıb və İslam İqtisadiyyatına mane olan amillər bu amillərin aradan qadırılması ilə bağlı görülə biləcək işlər barədə geniş və əhatəli məlumatlar verib.  O, həmçinin əlavə edib ki, bu sahədə görüləcək çox işlər var və bu bizim tədqiqatımızın mühüm tərkib hissələrindən biri olmalıdır. İqtisadçı ekspert son olaraq qeyd edib ki, İslam İqtisadiyyatı tədqiqatçıları qarşısında çox ciddi çağırış formalaşmaqdadır və biz faktiki olaraq İslam İqtisadiyyatının təməl əsaslarına söykənən yanaşmamızla yeni iqtisadi inkişaf və iqtisadi artım mexanizmlərinin işə düşməsindən, onların birinci metodoloji bazasının hazırlanmasından, sonra metodik üsulların hazırlanmasından, tətbiqi və implementasiyasından  mexanizmin hazırlanmasına getməliyik ki, faktiki olaraq bu mexanizmlərin sələmçiliyə deyil, məhz iqtisadi inkişafa, layihə maliyyələşdirilməsi kimi mexanizmlərə söykənən bir iqtisadi təməl prinsiplərinə əsaslansın.
 
Daha sonra konfransda çıxış üçün söz İslam İqtisadiyyatı mövzusunda təcrübəli tədqiqatçı  professor, doktor İbrahim Yumusaka verilib. Professor öz bilgilərini və Türkiyənin də bu sahədəki təcrübələrini misal göstərərək bir çox məqamlara toxunub. O, həmçinin bu sahəyə dair öz təkliflərini də önə çəkib.
 
Hüquq elmləri doktoru, professor,  BDU-nin kafedra müdiri  Kamil Səlimov da mövzuya dair fikir mübadiləsi aparıb və bu sahənin hüquqi tərəflərinə diqqət çəkərək öz təkliflərini bildirib. O, bu sahədə hüquqi mexanizmlərin hazırlanmasının vacibliyini də vurğulayıb.
 
Daha sonra konfransı Meybullayev adına İslam İqtisadiyyatı Mərkəzinin üzvü dosent, doktor Ruslan Atakişiyev, İslam Maliyyə Tədqiqat Mərkəzinin tədqiqatçısı Əfqan Musayev “İslam İqtisadiyyatında Ticari Əxlaq prinsipləri” mövsuzunda  öz çıxışları ilə davam etdiriblər və onlar da özlərinin bir çox təkliflərini irəli sürüblər.
 
Sonda UNEC-in dizayn məktəbinin nümayəndəsi Aida Dadaşova “İslamda dizayn” mövzusunda öz təqdimatı ilə konfransı rəngləndirib.
 
Konfrans UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanıb.
Müəllif: Ayna.az