“Qisas əməliyyatı” ilə cavablandırılan snayper təxribatı – Oxlar yenə Moskvanı göstərir

Aktual

13.02.2024 - 14:55

Hərbi ekspert: “Əsgərimizə snayperdən atəş açılması, boyun nahiyyəsindən yaralanması onu göstərir ki, bu, məqsədli şəkildə həyata keçirilib”

Ermənistan ordusu Azərbaycanla şərti sərhəddə yenidən təxribata əl atdı. Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində DSX-nın hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

DSX-dan bildirilib ki, baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Qeyd olunub ki, Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Təxribatla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) reaksiyasında qeyd olunub ki, Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir: "12 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribatı nəticəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır".

Bu gün isə DSX bölmələri tərəfindən Ermənistan ordusunun dünən törətdiyi təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirilib.  DSX-dan bildirilib ki, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Bildirilib ki, məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

“Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək”, - məlumatda vurğulanıb.

Gərginliklə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Ermənistan ordusunun dünən yol verdiyi kobud və bağışlanmaz səhv cavablandırılmalı idi:

- DSX-nın “Qisas əməliyyatı”nı cavab addımı kimi qiymətləndirmək lazımdır. Düzdür, Ermənistan Müdafiə Nazirliyi bu hadisəni araşdıracağını, günahkarların cəzalandırılacağını bəyan etdi. Amma cavab verilməlidir ki, qarşı tərəf anlasın – heç bir təxribat cavabsız qalmayacaq və ən sərt tədbirlər görüləcək.

Ermənistan Müdafiə Nazirliyinin açıqlaması onların ordularının nə qədər bərbad durumda olduğunun göstəricisidir. Qarşı tərəfin “araşdıracağıq”, “günahkarları cəzalandıracağıq” ifadəsindən belə anlaşılır ki, təxribatla bağlı dövlət rəhbərliyinin xəbəri olmayıb. Əgər belədirsə, demək erməni ordusunda başıpozuqluq davam edir. Bundan əvvəl də Ermənistan ordusunda başıpozuqluq, anarxiya hökm sürüb. Erməni hərbçilər arasında nizamnamədən kənar addımlar atıldığının şahidi olmuşuq.

- Yəni Ermənistan dövlət rəhbərliyi təxribatda maraqlı deyil?

- Mən demirəm ki, təxribatda maraqlı deyillər. Ermənistan rəhbərliyi ən müxtəlif təxribatlarda maraqlı olduğunu dəfələrlə nümayiş etdirib, təxribatlara göstəriş verib. Amma Ermənistan Müdafiə Nazirliyinin rəmi açıqlamasından belə anlaşılır ki, snayper atəşi dövlət rəhbərliyinin göstərişinə uyğun açılmayıb. Ola bilər ki, belə bir göstəriş verilib, amma boyunlarına almaq istəmirlər.

Hər halda, təxribat baş verib. Həm Ermənistan daxilində, həm də xaricdə maraqlı qüvvələr var ki, sərhəddə toqquşma olsun, gərginlik baş versin. Həmin maraqlı qüvvələr də belə təxribatların olmasına göstəriş verirlər. Ermənistan ordusu daxilində də o qüvvələrin dediyinə əməl edənlər var. Nəzərə almaq lazımdır ki, Ermənistan sərhədlərini qoruyan xarici qüvvələrdir. Həmin qüvvələrin də bu təxribatda iştirakını istisna etmək olmaz.

Bütün hallarda, Ermənistan təxribat törətdi və cavabını layiqli şəkildə aldı. İki hərbi qulluqçusunu itiriblər, yaralıları var. Bu, qarşı tərəfə yeni dərs olmalıdır. Anlamalıdırlar ki, xaincəsinə addımları, mənfur təxribatları sərt formada cavablandırılacaq. Təcrübə göstərir ki, Azərbaycan DSX-sı, Azərbaycan Ordusu heç bir təxribatı cavabsız qoymur, qoymayacaq. Bizim üçün legitim təhlükə mənbələri zərərsizləşdirilməli, məhv edilməlidir ki, bu da həyata keçirilir.

- Ermənistanın təxribatlarının sərhəddə genişmiqyaslı toqquşmaya gətirib çıxara bilərmi?

- Düşünmürəm ki, yeni müharibə olacaq. Geniş toqquşma da gözlənilən deyil. Yəqin ki, gərginlik səngiyəcək. Amma təxribatlar istisna deyil və bu təxribatlara da cavab veriləcək.

Məsələ burasındadır ki, snayperlə Azərbaycan hərbçisinə atəş açılması təsadüfi deyil. Əsgərimizə snayperdən atəş açılması, boyun nahiyyəsindən yaralanması onu göstərir ki, bu, məqsədli şəkildə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, gərginlikdə maraqlı olan qlobal oyunçular var. Həmin qüvvələr toqquşmaların olmasında ona görə maraqlıdırlar ki, sonradan vasitəçi kimi ortaya çıxsınlar.

- Əvvəldə qeyd etdiniz ki, Ermənistanın sərhədlərini qoruyan qüvvələrin də bu təxribatda əlinin olması istisna deyil. Məlumdur ki, Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Qlobal oyunçu dedikdə Rusiyanı nəzərdə tutursunuz?

- Fevralın 10-da Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı xaricdən verilən bəyanatlara diqqət etmək lazımdır. Həmin gün bölgə ilə bağlı maraqlı açıqlamalar oldu. Rusiyanın XİN başçısının müavini sülhlə bağlı danışdı. Eyni zamanda, uzun müddətdir ki, bir kəlmə danışmayan Rusiyanın Azərbaycandakı səfiri birdən-birə çıxıb sülh prosesi haqqında danışdı, Rusiyanın mövqeyini ifadə etdi. Demək ki, mənzərə aydındır, bunu anlamaq üçün ekspert olmaq lazım deyil. Mən hansısa dövləti boşuna günahlandırmaq niyyətində deyiləm. Görünən məsələni dərk etmək üçün böyük savad da lazım deyil. Baxın, Azərbaycan Prezidenti Avropa platformasında sülh danışıqlarına hazır olduğunu bildirəndən dərhal sonra sərhəddə gərginlik yarandı, təxribat baş verdi. Avropa platformasında danışıqların getməsinə isə Moskva qarşıdır.

- “Qisas əməliyyatı”nın baş verdiyi ərazidə Avropa Mülki Müşahidə Missiyası var. Bundan Azərbaycanın əlayhinə istifadə edilə bilərmi?

- Məncə, biz buna əhəmiyyət verməməliyik. Beynəlxalq qurumlar reaksiya verməsinlər deyə, təxribata cavab verməməliyik ki?! Atəş Ermənistan hərbçisi tərəfindən açılıb, snayperlə əsgərimiz vurulub. Bunun sübutu da ortadadır. Snayperin yerləşdiri mövqe, döyüş postu videofaktla ortaya qoyulub, təsdiq edilir. Ona görə də Ermənistan və ya havadarları Azərbaycanı ittiham edə bilməzlər. İttiham etsələr də, bu, qərəzli yanaşma sayılacaq. Mənim əsgərimə atəş açılacaq, mən də cavab verməyəcəm ki, avropalı müşahidəçilər əleyhimizə nəsə yazmasınlar. Bu, doğru yanaşma deyil. Nə istəyirlər yazsınlar, Azərbaycan cavab verməli idi və verdi. Bundan sonra da təxribatlar cavablandırılmalacaq.

Müəllif: Anar Bayramoğlu