Qazilərin ikinci savaşı: Bu dəfə görünməyən düşmənlə

Cəmiyyət

26.01.2021 - 14:28

Müharibədən sonra hərbi qulluqçulara psixoloji dəstəyin göstərilməsi qazanılan qələbə qədər önəmlidir

 

Bir müddət əvvəl iki hərbi qulluqçunun intihar etməsi xəbəri ölkə gündəmini silkələdi. Hər iki faktla bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma başladı. İlkin məlumatlara görə, intiharların səbəbi hər iki hərbi qulluqçunun psixoloji problemləri ilə əlaqəli olub.

 

Baş verən faciələr bir daha sübut edir ki, müharibədən sonra hərbi qulluqçulara psixoloji yardım edilməlidir. Vətən müharibəsində xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı komissiya yaradılıb. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Həmin qərara əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşdirilmiş şəkildə həllinin təmin edilməsi məqsədilə komissiya yaradılıb.

 

Bəs, bu gün mənzərə necədir?

Nazirlikdə yeni təyinatlar var – Jurnalistlərə vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Gülnar Əzizovanın AYNA-ya dediyinə görə, yaradılan komissiya hərbi əməliyyatlar zamanı xəsarət alan hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə, mərkəzləşdirilmiş qaydada bir sıra məsələləri təmin edəcək: “Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada xəsarətin, yaralanmanın, kantuziyanın və digər xəsarət və xəstəliklərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini təmin edəcək. Həmçinin, komissiya əlilliyin qiymətləndirilməsi məqsədilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişləri Tibbi-Sosial Ekspertiza müayinəsinə göndərişlərin reyestrlərinə daxil daxil edəcək və ehtiyac yaranarsa, əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini aparacaq”.

 

“Bununla yanaşı, komissiya əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsi, hərbi qulluqçuların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsi işini də həyata keçirəcək. Qeyd edilən bütün tədbirlərin birgə həyata keçirilməsi üçün qərarla komissiyadakı dövlət orqanlarının nümayəndlərindən, mütəxəssislərdən, o cümlədən ekspertlərdən ibarət işçi qrupları yaradılacaq. Nazirlər Kabinetinin digər bir qərarı ilə hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ psixoloji yardım göstərilməsini təmin etmək məqsədi ilə də komissiya yaradılıb”, - Əzizova bildirib.

 

Hərbi qulluqçuların psixoloji vəziyyətinə gəldikdə, mətbuat katibi qeyd edib ki, indiyədək Agentliyin klinik psixoloqları tərəfindən 250-ə yaxın müharibə iştirakçısı olmuş qazilər, onların ailə üzvləri, şəhid ailələrinin üzvləri sosial-psixoloji xidmətlərə cəlb edilib: “Bundan əlavə, qeyd etmək istərdim ki, bizim klinik psixoloqlarımız Bakı Sağlamlıq Mərkəzi və eyni zamanda Sərhəd Qoşunları Hospitalında müalicə alan yaralı hərbçilərimizin sosial-psixolji dəstəyini həyata keçirirlər. Bu vaxta qədər Respublika Reabilitasiya Mərkəzində Yevlax, Naftalan, Şirvan, eləcə də 1 və 2 saylı Uşaq Reabilitasiya mərkəzlərində hərbi qulluqçulara və şəhid ailələrinə sosial-psixoloji yardım göstərilib. İşlər bundan sonra da davam edəcək”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov AYNA-ya deyib ki, əsas məsələ prosesin düzgün koordinasiya olunmasıdır: “Eyni zamanda, şəhid ailələrinə, müharibə iştirakçılarına, yaralılara psixoloji yardımın əlçatan olması vacibdir. Psixoloji yardım və tibbi yardımlar da fərqlidir. Psixoloji yardımın özünün spesiflikliyi var. Psixoloji yardımın göstərilməsi ilə bağlı konkret standartlar var və eyni zamanda, Baş nazirin vermiş olduğu qərarın özündə də qeyd olunub ki, psixoloji yardım həyata keçirilərkən “Psixoloji yardım haqqında” qanuna istinad edilməlidir”.

 

Psixoloqun sözlərinə görə, birinci növbədə bu xidmət əlçatan olmalıdır: “Bunun üçün də ilk növbədə psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçulara dəstək göstərilməlidir. Eyni zamanda, digər hərbi qulluqçularla da mümkün olduğu qədər psixoloji profilaktika işi aparılmalıdır”.

 

Rüstəmovun təklifi də var: “Çox yaxşı olardı ki, bu prosesə məktəb psixoloqları da cəlb olunardı. Hərçənd ki, həmin komissiyada Təhsil Nazirliyi təmsil olunmayıb. Məktəb psixoloqların cəlb olunmasını ona görə təklif edirəm ki, hərbi qulluqçularımızın bir qismi rayon və kəndlərimizdə yaşayır. Hər rayon və kəndlərin də məktəbləri var. Hər bir məktəbin də məktəb psixoloqu var”.

 

“Məktəb psixoloqları nə dərəcədə ixtisaslaşıb və ya ixtisaslaşmayıb, işi nə qədər bilir və ya bilmir - bunlar məsələnin ayrı tərəfdir. Amma onlara ən azından müəyyən təlimlər vermək olar ki, həmin məktəb psixoloqları yaşadıqları ərazidə hərbi qulluqçulara ilkin psixoloji yardımı göstərsinlər. Bunun üçün də məktəb psixoloqlarının konkret olaraq müəyyən metodikaları bilməsi vacibdir ki, psixoloji problemi olan şəxslərin durumu ağır olarsa, təyinatına uyğun olaraq rayonlara və yaxud da regional mərkəzlərə və ya paytaxta yönləndirmək bacarığına sahib olsun. Şübhəsiz ki, bununla bağlı qərar verilib, icrası ilə bağlı tədbirlər də həyata keçiriləcək”, - deyə müsahibimiz bildirib.

 

Mərkəz rəhbəri hesab edir ki, bu proses nə qədər tez həyata keçirilsə, hərbi qulluqçulara nə qədər tez dəstək göstərilsə, o qədər də cəmiyyəti gələcəkdə yarana biləcək sosial problemlərdən sığortalamış olacağıq: “Verilən qərar, onun icrası, xidmətin bütün hərbi qulluqçular üçün əlçatan olması əsas prioritetlərdən biri olmalıdır. Bir daha qeyd edirəm ki, sözügedən komissiyaya Təhsil Nazirliyinin də cəlb olunması çox gözəl olardı. Məktəb psixoloqları da bu işlərə cəlb olunmalıdır”.

Müəllif: Ülviyyə Şahin