“Rəsmi Astana BMT-yə ümumbəşəri və alternativsiz təşkilat kimi üstünlük verir”
Qazaxıstan yaxın gələcəkdə BRİKS-ə müraciətdən imtina edəcək. Səbəb üzvlük müraciətinə baxılmasının uzunluğu, eləcə də bu təşkilatın inkişaf perspektivləri ilə bağlı digər məsələlər göstərilir. AYNA-nın xəbərinə görə, bu barədə “Tengrinews.kz”a Qazaxıstan Prezidentinin müşaviri və mətbuat katibi Berik Uali bildirib.
Onun sözlərinə görə, Prezident Qasım-Comart Tokayev inkişaf etməkdə olan iqtisadiyyatlara malik dövlətlərin birliyi olan BRİKS-ə qoşulmaq təklifləri alıb: “Lakin hazırda milli maraqları nəzərə alaraq, rəsmi Astana BMT-yə ümumbəşəri və alternativsiz təşkilat kimi üstünlük verir. Hansı ki, burada aktual beynəlxalq problemlər müzakirə oluna bilər və edilməlidir”.
Tokayevin mətbuat katibi təsdiqləyib ki, Qazaxıstan Prezidenti gələn həftə Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və burada çıxış etməyi planlaşdırır: “Bu, BRİKS-ə sədrlik edən dövlətin regional qonşularının təşkilatın fəaliyyətinə cəlb edilməsi formatıdır”.
Qeyd edək ki, BRİKS-ə bu il Rusiya sədrlik edir.
BRİKS Assosiasiyası 2006-cı ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb. 2024-cü ildə qrupa İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Misir daxil olub.
2024-cü ildə Malayziya və Azərbaycan BRİKS-ə qoşulmaq üçün rəsmi ərizələr təqdim ediblər. “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, bir neçə ay əvvəl Türkiyə BRİKS-ə qoşulmaq üçün rəsmi ərizə təqdim edib. Oktyabrın 22-24-də Kazanda keçiriləcək sammitdə BRİKS-in genişlənməsi gözlənilir. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov hələ iyun ayında bildirmişdi ki, təşkilat yeni gələnləri “həzm etmək” üçün yeni iştirakçılar məsələsində fasilə vermək qərarına gəlib.