Qazax rayonunun və Daş Salahlı şəhidlərinin xatirəsi yad edilib

Xəbərlər

27.06.2022 - 23:26

Tədbirdə bütün şəhidlərimizin xatirəsi anılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Xurşidbanu Natəvan adına 4 nömrəli filialında 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının, o cümlədən Qazax rayonunun və Daş Salahlı kənd şəhidlərinin xatirəsi anılıb.

Kitabxanadan AYNA-ya verilən məlumata görə, filialın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağının rəhbəri Zərəngiz Mansurova ölkəmizdə orduya göstərilən diqqətdən danışıb. Bildirib ki, ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək ərazilərimizi düşmən işğalından azad edib. Zərəngiz Mansurova bu qələbədə Qazaxın və doğma kəndi Daş Salahlının da töhfəsi olduğunu bildirib. Qanlı döyüşlərdə ailəsinin də itki verdiyini, bacısı, könüllü döyüşçü Vəfa Dəmirçioğlunun böyük rəşadətlər göstərərək, el qəhrəmanı, “Şəhidlərin qız qardaşı” kimi şərəfli ad qazandığını söyləyib. O, özünün yazdığı “Qazaxdan gəlmişəm Qələbəyə mən” şeirini oxuyub.

Daş Salahlı kənd sakini, şair Elmar Sahib çıxış edərək həm 1992-ci il müharibəsində, həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində Qazax rayonunun, eləcə də Daş Salahlı kənd sakinlərinin qəhrəmanlıqla döyüşdüklərini, Nicat Nəsibovun, Vəfa Dəmirçioğlunun, Süleyman Süleymanovun, Mayis Yaqubovun, Əmir İbrahimovun və 339 nəfər Qazax, 18 nəfər Daş Salahlı şəhidinin xatirəsinin bu gün də hörmətlə yad olunduğunu bildirib. O, “Qazax şəhidləri” şeirini söyləyib. 

Kitabxanaçı Esmira Zülfüqarova şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını, onların şərəf işinin bütün gənclərə nümunə olduğunu deyib. O, Zərəngiz Mansurovanın “Yaşa, Vəfa Dəmirçioğlu” şeirini oxuyub.

Əslən qazaxdan olan şairə Ramilə Haqqı o qanlı günlərin şahidi olduğunu, Vəfa Dəmirçioğlunu şəxsən tanıdığını deyib və bu el qəhrəmanının, eləcə də bütün şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.

Cəfərli kənd şəhidi Nicat Nəsibovun qardaşı İlkin Nəsibov, Qazax şəhidi Sərxan Abdullayevin qardaşı Elman Abdullayev, Mayis Rəhimovun yaxın qohumu İsrail Qayayev və başqaları dövlətimizin şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.

Sonda kitabxananın müdiri, 44 günlük Vətən müharibəsinin şəhidi, kapitan Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva tədbir iştirakçılarına təşəkkürünü bildirib, şəhidlərin ölməz xatirəsinin ürəklərdə daim yaşayacağını, gələcək nəsillərə örnək olduqlarını söyləyib.

Müəllif: Ayna.az