“Qarabağda növbəti anti-terror əməliyyatına ehtiyac var”

Aktual

17.02.2022 - 10:23

Asif Nərimanlı: “Azərbaycan öz suverenliyinə təhdidin genişlənməsinə və separatçıların rahatlaşmalarına imkan verməməlidir”

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində erməni separatçı-terrorçuları son vaxtlar aktivləşiblər. Müharibədən keçən bir il yarım müddətdə parça-parça da olsa, varlıqlarını qoruyan separatçı qondarma qurumun təmsilçiləri "dövlət" və "dövlətçilikdən" danışmaqdadırlar.  

Məsələn, özünə "dövlət naziri" deyən Artak Beqlaryan adlı terrorçu "Facebook" hesabında yazıb ki, "Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması, ərazilərinin işğaldan azad edilməsi və Ermənistanla inteqrasiya məqsədi ilə dövlət quruculuğu prosesi davam edir".

34 il əvvəli xatırladan Beqlaryan deyib ki, 1988-ci ildə "Artsax hərəkatının ümumxalq mübarizəsinin" mərhələsi başlayıb: “Artsaxın 2020-ci il müharibəsi nəticəsində çətin vəziyyətə düşməsinə baxmayaraq, biz seçdiyimiz yolu davam etdirmək əzmindəyik. Bütün erməni dünyasının köməyi ilə biz Artsax Respublikasının müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına nail olmaq, ərazilərimizin işğaldan azad etmək və sonda Ermənistanla birləşmə və inteqrasiya haqqında düşünürük”.

Daha bir məlumat isə “Hayastan” ümumerməni fondunun Qarabağ şəhərlərində yol və yaşayış massivlərinin tikintisinə başlaması ilə bağlıdır. Erməni mediasının məlumatına görə, bu günlərdə fondun direktor müavini Ararat Xlqatyan və qondarma qurumun "şəhərsalma naziri" Aram Sarkisyan tikinti sahələrində olub, işlərin gedişi ilə tanış olublar. Onlar Əsgəran rayonunda iki kəndin yeni yaşayış məhəllələrindəki tikinti işləri ilə maraqlanıblar. Eyni zamanda, Xankəndinin müxtəlif yerlərində tikinti aparılan, yol yenilənən yerlərində olublar.

Separatçıların dediklərindən, "Hayastan" fondunun tikintiyə ayırdığı maliyyədən belə anlaşılır ki, Qarabağda sülhməramlıların çətiri altına sığınan erməni separatçı tör-töküntüləri 2020-ci ilin sentyabrından əvvəlki ideyalarından əl çəkməyiblər. Təbii ki, bu sərsəm ideyanın yaşamasında Rusiya sülhməramlılarının rolu danılmazdır. Sülhməramlıların vəzifələrini yerinə yetirməməsi, terrorçu silahlıları Azərbaycan ərazisindən çıxarmaması, əksinə, terrorçulara himayədarlıq etməsi ermənilərə qondarma qurumun ömrünü artırmaq həvəsi verir.

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran analitik Asif Nərimanlı deyib ki, Qarabağda mövcud vəziyyətdə sabitlik oradakı separatçı-terrorçu rejimin yaşamasına şərait yaradır: “Müharibədən sonrakı proseslərə nəzər yetirdikdə bunu daha yaxşı görmək olur. Separatçılar gələcəklərinin müəmmalı olduğunu açıq şəkildə etiraf edirdilər. Qondarma “seçkilərini” də təxirə saldılar. Hətta yaxın dövr ərzində qaçmağa məcbur olacaqları fikri hakim idi. Lakin son aylar dirçəlməyə başladıqları müşahidə olunur”.

“Bunun bir neçə səbəbi var. Birincisi, Ermənistan Qarabağdakı proseslərdən tədricən çəkilir, yerini Rusiyaya verir. Paşinyanın ötən ilin dekabrında “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun müəyyən edilməlidir” açıqlamasından sonra Xankəndidəki separatçılar ruslarla yaxınlığı daha da sıxlaşdırdılar. İkincisi, Rusiyanın Qarabağa dair təhlükəli planları açıq müstəviyə keçirilir, xüsusilə “rus icması” məsələsi üzərindən bu proses müşahidə olunur. Rəsmi Bakı ən yüksək səviyyədə buna etiraz etdi, lakin Qarabağda bu istiqamətdə proses dayanmayıb. Üçüncüsü, Azərbaycan separatçılarla bağlı məsələnin indi həlli imkanının zəif olduğunu nəzərə alaraq, əsas diqqəti sərhədin müəyyənləşməsinə yönəldib və buradakı strategiyanın hədəfi də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır ki, bu, Xankəndidəki separatçı rejimin ləğvi imkanlarını artıra bilər. Diqqətin sərhədə yönəlməsi fonunda Qarabağda separatçıların dirçəlməsi üçün sərfəli olan sakitlik yaranıb”, - deyə həmsöhbətimiz bildirib. 

Onun fikrincə, Azərbaycan suverenliyinə təhdidin genişlənməsinə imkan verməmək üçün Qarabağdakı separatçıların rahatlığına imkan yaratmamalıdır: “Oradakı erməni əhali də anlamalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda gələcəkləri olacaq. Növbəti anti-terror əməliyyatına ehtiyacın olduğu aydın görünür. Təbii ki, Azərbaycan rus sülhməramlılarının dayandığı ərazilərdə bunu etməyəcək, amma orada erməni terrorçuların dayandığı postlar da var və bunlar hədəfə çevrilməlidir”.

Nərimanlı Şuşa Bəyannaməsinin rəsmiləşməsinin Bakının əlini daha da gücləndirdiyini qeyd edib: “Kiçikçaplı məcburetmə əməliyyatları ilə ruslara da bu torpaqların Azərbaycana məxsus olduğunu göstərə bilərik. Sonuncu dəfə terrorçular Qapanlı kəndi istiqamətində atəş açdılar. Bu atəş keçmiş Ağdərə ərazisindən açılmışdı. Demək, müharibədən sonra Ermənistan Ordusuna məxsus, sayları 10-15 min arası olan hərbçilər bu ərazidə qalıb və hələ də çıxarılmayıb. O istiqamətdən atəşin açılması onların çıxarılmasını yenidən aktuallaşdırdı. Bakının bu istiqamətdə, eləcə də erməni terrorçulara məxsus postlarda anti-terror əməliyyatı keçirməsi mümkündür. Proses də bunu tələb edir”.

Müəllif: Anar Bayramoğlu