Qarabağa və Laçın dəhlizinə daha bir iştahlı nəzər zillənib - Moskva qəzəbli, Bakı isə...

Siyasət

13.02.2023 - 14:26

Bəzi qüvvələr Azərbaycan ərazisinə BMT müşahidəçilərini yerləşdirmək niyyətindədir

Biz BMT agentliklərinin Qarabağda və Laçın dəhlizində olmasını gözləyirik, xüsusən indiki vəziyyətdə. Bunu “CivilNet”-ə müsahibəsində Avropa Parlamentinin fransalı deputatı, Fransanın Avropa məsələləri üzrə keçmiş naziri, uzun müddətdir ki, ermənipərəst mövqeyi ilə tanınan Natali Luzao deyib.

“Mən çox istərdim ki, Laçın dəhlizinə təcili faktaraşdırıcı missiya göndərilsin. Bu, BMT Təhlükəsizlik Şurasının rolu olacaq: getmək, görmək və bəyan etmək. Belə olan halda BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbulu perspektivindən imtina etməyə ehtiyac yoxdur”, - deyə o bildirib.

Bundan dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev çıxış edib. O bildirib ki, BMT nümayəndələrinin Qarabağa göndərilməsi ideyası çətin reallaşar.

“Beynəlxalq və xarici təşkilatlardan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağ bölgəsində hələ də işləyir və BMT humanitar agentlikləri azərbaycanlılardan və ermənilərdən anklava daxil olmaq, hətta ilkin ehtiyacların qiymətləndirilməsi missiyasını həyata keçirmək üçün icazə almayıb”, - deyə o söyləyib.

İliçevin fikrincə, çətinliklər tərəflərlə bərabər məsafəli mövqe tuta bilməməsinin siyasi səbəblərindən, o cümlədən regiona giriş-çıxış, hesabatların verilməsi, nəzarət və humanitar fəaliyyətlərin qurulmasının hüquqi əsasları ilə əlaqədar yaranır: “Belə bir şəraitdə Dağlıq Qarabağa hətta beynəlxalq humanitar yardımın yaradılmasında heç bir irəliləyiş yoxdur, beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ideyasının praktiki həyata keçirilməsi, üstəlik, BMT Təhlükəsizlik Şurasının sanksiyalarını tələb edəcək, real deyil”.

Bundan başqa, onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının mandatı altında yerləşdirilən sülhməramlı missiyalar heç də həmişə ev sahibi dövlətlərin etimadını qazanmır.

Doğrudan da, beynəlxalq missiyalar Qarabağ bölgəsindəki işlərə yalnız bütün münaqişə tərəflərinin razılığı ilə cəlb oluna bilər. Daha dəqiq desək, ilk növbədə Azərbaycanın - çünki söhbət onun suveren ərazisindən gedir. Luazo nədənsə bunu qeyd etmir.

Bununla belə, Bakı hələ də öz ərazisində əlavə xarici iştirak görmək arzusunu ifadə etməyib. Üstəlik, Azərbaycan dəfələrlə yüksək səviyyədə (həm Prezident, həm də Xarici İşlər Nazirliyinin rəhbəri) Rusiya Sülhməramlı Kontingentinin (RSK) 2025-ci ildə, ilk qalma müddətindən sonra çıxarılmasını gözlədiyini dəfələrlə bəyan edib (beləliklə, cənab İliçevin də sevinəcək səbəbi yoxdur).

Beləliklə, Luzao və başqaları burada nəyə ümid edə bilərlər? Bəs, RSK gedəndən sonra, hətta onun iştirakı ilə BMT Təhlükəsizlik Şurası Laçın dəhlizi ilə Qarabağa müəyyən missiya göndərmək barədə qərar verəcək? Bəs, Azərbaycan buna qarşıdırsa və çağırılmamış qonaqlar Ermənistan ərazisindən daxil olmağa cəhd etsələr və içəri buraxılmazlarsa necə?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Gürcüstan Qara Dəniz Beynəlxalq Universitetinin professoru, politoloq Nika Çitadze deyir:

“Məncə, təsvir edilən zonada BMT müşahidəçilərinin olması çətin ki, mümkün olsun. Bunun üçün BMT Nizamnaməsinin VII fəslinə əsasən, BMT Təhlükəsizlik Şurasının qətnaməsi lazımdır və hesab edirəm ki, Rusiya bu işdə veto hüququndan istifadə edəcək.

Əsas səbəb Rusiyanın “sülhməramlı” prosesdə öz monopoliyasından əl çəkmək istəməməsidir. Bildiyimiz kimi, 2020-ci ilin sonunda Rusiya regiona 1980-ə yaxın “sülhməramlı” göndərdi və orada başqa heç bir xarici iştirak istəməyəcək.

İndi isə əsas məsələ Rusiyanın “sülhməramlı” qoşunlarını keçmiş münaqişə zonasından çıxarmaqdır, çünki Rusiya “parçala, hökm sür” oyunu oynayır. Buna görə də o, Ermənistanla Azərbaycan arasında münasibətlərin tam nizamlanmasında maraqlı deyil”.

Postsovet məkanının Avropa dövlətləri üzrə tanınmış rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa):

“Luazonun özünün bəyanatını dramatikləşdirmək olmaz, çünki bu, ümumiyyətlə, heç kimi təmsil etməyən bir fərdi şəxsin olduqca şəxsi fikridir. Düzüdr, o, Fransa elitasının kifayət qədər böyük bir hissəsinin mövqeyini ifadə edir, lakin bu, tələb deyil, bəyanat deyil - bu, özünü şəxsən və bu elitanın bir hissəsini mövqeləndirmək cəhdidir. Sadəcə bir xahiş, başqa heç nə.

Düşünmürəm ki, buna ciddi yanaşmaq lazımdır, lakin bu, həm Bakıya, həm də Rusiyaya vahid cəbhə kimi çıxış etmək, bu halda heç bir kənar oyunçunun müsbət qarşılanmayacağı ilə bağlı həmrəylik mövqeyini nümayiş etdirmək imkanı verir. Bakı il Moskva arasında münasibətlər kifayət qədər davamlı və kifayət qədər sabitdir”.

Qırğızıstan-Rusiya Slavyan Universitetinin (Bişkek) professoru, siyasi ekspert, tarix elmləri doktoru Əsgər Cakişev:

“Vəziyyətə daha geniş nəzər salsaq, Mərkəzi Asiya dövlətlərində, Cənubi Qafqazda ABŞ nümayəndələrinin, həmçinin Fransanın da fəallığı müşahidə olunur.  Həm Mərkəzi Asiya ölkələrində, həm də Qafqaz ölkələrində sərhəd problemlərinin həll olunmaması səbəbindən gərginlik davam edir.

Kollektiv Qərb nümayəndələri bu vəziyyətdə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında əsas maraqlı tərəf olan qonşu dövlətlərdən istifadə edərək, vasitəçi rolunu öz üzərinə götürmək, belə demək mümkünsə, “özlərinin beş qəpiyini qoymağa” çalışırlar. Məhz bu an təsadüfi seçilməyib, Rusiya Ukraynada “xüsusi əməliyyatdadır”, Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə məşğudur.

Ən yaxın qonşuların vəziyyəti dondurmaq istəyi Fransa nümayəndələrinə bir növ moderator rolunda çıxış etmək üçün əsas verir ki, bu da Moskvanın təsirini zəiflətmək, uzunmüddətli perspektivdə isə qonşu ölkələri – Rusiyanı, Türkiyə və İranı sıxışdırmaq, bölgədə onların varlığını özləri ilə əvəzləmək.

İndiki şəraitdə region dövlətlərinin və onların ən yaxın qonşularının nümayəndələrinin iştirakı ilə zəhlətökən kənar müdaxilələrdən qurtulmaqla daimi müzakirə platformasının yaradılması arzuolunandır”.

Müəllif: Rauf Orucov