“Qalan məsələləri və detalları müzakirə etmək üçün işçi qruplar vasitəsilə proses yaxın günlərdə davam etdiriləcək”
Qəzza zolağında atəşkəslə bağlı Qahirədə baş tutan danışıqların növbəti raundu nəticə verməsə də, proses davam edəcək. AYNA xəbər verir ki, bu barədə “The Times of Israel” amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, Qahirədəki danışıqlar “konstruktiv” keçib və bütün iştirakçıların ümumi fikri olan yekun və işlək razılığın əldə edilməsi məqsədi ilə aparılıb. O əlavə edib ki, “qalan məsələləri və detalları müzakirə etmək üçün işçi qruplar vasitəsilə proses yaxın günlərdə davam etdiriləcək”.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan keçirdiyi mətbuat konfransında Vaşinqtonun Misir və Qətər vasitəçiləri, eləcə də İsrail tərəfi ilə “hələ də Qahirədə fəal şəkildə işlədiyini” qeyd edib.
Qəzet yazıb ki, ABŞ rəsmiləri danışıqların uğurla başa çatacağına ümid etməyə davam edən yeganə iştirakçı kimi görünür.
HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişq bildirib ki, “HƏMAS heyəti Qahirəni tərk edib”, Misir və Qətər vasitəçiləri son danışıqların nəticələri barədə onlara məlumat veriblər.
Ər-Rişq ABŞ Prezidentinin iyulun 2-də elan etdiyi “HƏMAS Baydenin planını həyata keçirməyə hazır olduğunu” vurğulayıb.
HƏMAS-ın məlumatına görə, İsrail qoşunlarını Filadelfiya və Netzarim dəhlizlərindən çıxarmaq üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edib və saziş qüvvəyə mindikdən sonra fələstinlilərin anklavın şimalına qayıtdıqları zaman onların hərəkətinin yoxlanılması da daxil olmaqla, yeni tələblər irəli sürüb.
HƏMAS sözçüsü Usamə Həmdan “Əl-Əqsa” TV-yə deyib ki, “biz 2 iyulda əldə olunan razılaşmalardan imtinanı və ya yeni şərtləri müzakirə etməyəcəyik”.