Putinin cinayətinin cəzasını Puşkin çəkir

Dünya

26.05.2022 - 22:29

Sosial mediada “rus ədəbiyyatını necə silib ataq” müzakirələri aparılır

Milli və sivilizasiyaların tarixi mirasına, mədəni varlıqlarına qarşı barbarlığın sonu gəlmir. İndi Ukraynada bənzəri yaşanır – azğın terror təşkilatları tərəfindən deyil, Rusiya hərb maşını tərəfindən. Ruslar sadəcə insan canına qıymaqla kifayətlənmir, xatirələri və tarixi də məhv edirlər. Bəlkə də, bu, Putinin həqiqi bir millət saymadığı ukraynalıların milli kimliyini tamamilə yox etmək üçün planlı bir strategiyasıdır.

Ukrayna lideri Zelenskibu günlərdə “Telegram”da belə bir paylaşım etdi: “Ölkənin şərqindəki bir mədəniyyət mərkəzi endirilən raket zərbəsi nəticəsində 7 nəfər həlak olub. İşğalçılar düşmən olaraq gördükləri təhsil, mədəniyyət və insanlığa qarşı savaşırlar. Bu cür hücumlar vəhşilikdir”.

UNESCO-nun məlumatına görə, Ukraynada 137 ayrı nöqtədə tarixi və mədəni abidələrin ziyan gördüyü qeydə alınıb. Dini abidələr, muzeylər, mədəniyyət mərkəzləri, kitabxanalar hücuma məruz qalıb. Ukrayna Mədəniyyət Nazirliyinin açıqlamasına görə, yandırılıb yox edilən tarixi-mədəni irs nümunələrinin saya daha çoxdur. Nazirliyin rəsmi saytında 359 belə nümunənin siyahısı yerləşdirilib, aralarında teatrlar, peşə məktəbləri, kilsə qüllələri və s. var.

Kilsə qülləsi demişkən, Berlindəki Kayser Vilhelm Xatirə Kilsəsinin müttəfiqlərin hava hücumlarından salamat qalan qülləsinin orada havayı yerə saxlandığını düşünürəm. Çünki müharibə və dağıntı simvolu olaraq orada saxlanılan bu xatirə abidəsi kimsənin vecinə deyil. Berlin bombardımanından 80 il sonra eyni coğrafiyada yenə müharibə gedir.

Ukrayna da rus işğalçı hücumun, yaşanan barbarlığın, dağıntının qisasını rus ədəbiyyatından imtina edərək alır. Küçələrdən, metrostansiyalardan rus yazıçı və şairlərinin adları yığışdırılır. Kiyevdə Lev Tolstoy meydanındakı daxil olmaqla, beş stansiyanın adı dəyişdiriləcək. Qoqol Ukrayna doğumlu olmasına baxmayaraq, rusca yazıb-yaratdığı üçün arzuolunmaz şəxs elan edilib. Kiyevdə dünyaya gəlib, Moskvada dünyadan köçən Bulqakov da onun kimi.

Tolstoy, Qoqol bir yana, əsas fiqur Aleksandr Puşkindir. Ukraynanı rusluqdan ayırma hərəkatının əsas addımlarından biri olaraq Puşkinin heykəlləri sökülür, sosial mediada “rus ədəbiyyatını necə silib ataq” müzakirələri onun ətrafında aparılır.

“Puşkini silmə” əməliyyatı 7 apreldə Mukaçevdəki heykəlinin endirilməsi ilə başladı və hazırda kəndlərə qədər proses davam edir.

Bəlkə də, Puşkin rus dilinin yaradıcısı olduğu, özündən sonrakı yazarlar üzərində təsir buraxdığı, rus mədəniyyətinin ana elementlərini daşıdığı və Sovet dönəmində kult səviyyəsinin qaldırıldığı üçün “ən şovinist rus” olaraq xarakterizə olunur.

Romantik dövrün eşq və azadlıq şeirlərinin müəllifinə “çarın yedəkçisi” deyilir. Halbuki, Dekabristlərin azadlıq üsyanına mənəvi dəstək verdiyi üçün Çar 1-ci Aleksandr tərəfindən sürgün edilmiş, sonradan Çar 1-ci Nikolayın icazəsi ilə sürgündən dönsə də, bütün əsərləri artıq nəzarət altına alınmışdı.

Xanımının aşiqi olduğundan şübhələndiyi Danteslə girişdiyi duel zamanı həlak olan Puşkin ölümündən 185 il sonra Putinin başladığı dağıdıcı müharibənin cəzasını çəkir…

Müəllif: Ayşe Özek Karasu

Mənbə: "haberturk.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: Ayna.az