Putin “Qarabağ klanı”nı yenidən dirildir? – Köçəryan Moskvaya doğru

Siyasət

13.09.2021 - 17:17

“Köçəryanı Moskvaya dəvət etməklə Kreml Paşinyana demək istəyir ki...”

Ermənistanın ikinci Prezidenti Robert Köçəryan "Ermənistan" blokunun rəhbəri olaraq, "Vahid Rusiya" partiyasının rəhbərliyindən iki siyasi təşkilat arasında tərəfdaşlığı inkişaf etdirmək məqsədi ilə siyasi görüşlər keçirmək üçün Moskvaya rəsmi dəvət alıb. Bunu “Sputnik Ermənistan”a eks-prezidentin ofisinin koordinatoru Baqrat Mikoyan deyib.

"Dəvəti məmnuniyyətlə qəbul etdik və gələn həftənin sonunda Köçəryan bu görüşlərdə iştirak etmək üçün Moskvaya getməyi planlaşdırır", - deyə o bildirib.

Mikoyanın sözlərinə görə, bu görüşlər həm iki siyasi təşkilat arasında konstruktiv dialoq baxımından, həm də Ermənistan-Rusiya münasibətlərinin inkişafı kontekstində böyük əhəmiyyət kəsb edir.

Ancaq "Past" erməni qəzeti Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın Moskvaya bir az fərqli məqsədlə dəvət edildiyini yazır: “Rusiya Xarici İşlər Nazirliyinə yaxın mənbəmizin bildirdiyinə görə, Moskvada Ermənistan-Rusiya əlaqələrini çoxtərəfli şəkildə gücləndirmək, onlara yeni bir impuls vermək üçün, yəqin ki, bölgədə artan Türkiyə-Azərbaycan nüfuzuna qarşı durmaq üçün əsaslı bir qərar verildi. Xüsusilə, hakim “Vahid Rusiya” partiyası “Ermənistan” blokunun lideri, Ermənistanın ikinci Prezidenti Robert Köçəryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırıb. Mənbəmizin sözlərinə görə, qarşıdakı səfər zamanı Köçəryan partiya lideri ilə görüşəcək və bölgədə baş verə biləcək hadisələri müzakirə edəcək”.

Bu, nə dərəcədə doğrudur? Doğrudanmı Rusiya yenidən “Qarabağ klanı”nın kartı ilə oynamağa qərar verdi? Nə məqsədlə? Paşinyan çox da itaətkar davranmırmı? Yəni, Moskvanın hələ də Ermənistanda hakim komandanı dəyişmək barədə düşünə biləcəyi ehtimalı nə qədərdir?

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Qərbi Kaspi Universitetinin professor, politoloq, keçmiş diplomat Fikrət Sadıqov:

“Köçəryan vurulmuş bir siyasi fiqurdur və onu Moskvaya məsləhətləşmələrə çağırmaq və hətta bölgədəki vəziyyətin inkişafını müzakirə etmək barədə məlumatlar çox inandırıcı görünmür. Axı söhbət erkən parlament seçkilərində biabırçı məğlubiyyətə uğrayan “Ermənistan” blokunun liderindən gedir.

Qəribədir ki, belə bir tezis bu adamın demək olar ki, bütün mövcud reytinqləri itirdiyi və cəmiyyətdə kifayət qədər etimad və hörmətə malik olmadığı barədə ümumi məlumat fonunda səslənir. Onun partiyası parlamentə demək olar ki, zorla daxil ola bildi.

Düşünürəm ki, bu, daha çox Ermənistanda mövcud hakim rejimə qarşı çıxanlara dəstək nümayişidir. Maraqlar balansında oynayan Moskva Nikol Paşinyana açıq şəkildə göstərir ki, onun siyasi kursu "böyük yoldaşlarının" tələblərinə ciddi şəkildə uyğun olmalıdır.

Demək itəyirlər ki, Paşinyanın rəqiblərinə “stavka” edilə biləcəyi saat da uzaqda deyil. Və mövcud rejim, görünür, müvafiq nəticələr çıxarmalıdır”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov:

“Düşünmürəm ki, Azərbaycan mediası bu tədbirə hər hansı bir ciddi önəm verməlidir. Sentyabrda Rusiyada Dövlət Dumasına seçkilər planlaşdırılır. “Vahid Rusiya”dan olan deputatlar yenidən seçilməklə məşğuldurlar. Partiyalararası strateji danışıqlar indi aktual deyil. Bütün bunlar cəfəngiyatdır.

Yəqin ki, Köçəryanın Moskvada öz işləri və müəyyən öhdəlikləri var ki, onunla müzakirə olunacaq. Amma fikrimcə, Köçəryan həm də Moskva üçün artıq “oynanılmış kartıdır””.

Müəllif: Rauf Orucov