“Axı onlar seçkilərə getməyiblər. Ukraynadakı hakimiyyər bu gün tamamilə qeyri-qanunidir”
“Ukraynanın hazırkı rəhbərliyi, Prezident Volodimir Zelenski ölkədə hakimiyyəti qəsb edib və artıq Ukrayna ordusuna əmr verə bilmir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Axı onlar seçkilərə getməyiblər. Ukraynadakı hakimiyyər bu gün tamamilə qeyri-qanunidir. Sırf hüquqi nöqteyi-nəzərdən onların silahlı qüvvələrə əmr vermək hüququ belə yoxdur. Çünki onlar hakimiyyəti qəsb edənlərdir”, - Putin bildirib.
Onun sözlərinə görə, Baş Qərargah və Rusiya Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində “Oreşnik” ballistik raketləri ilə zərbələr endirmək üçün hədəfləri seçir.
Digər məsələlərlə yanaşı, Kiyevdəki “qərar vermə mərkəzləri” də hədəf kimi qəbul edilir.
“Üstəlik, Kiyev rejimi dəfələrlə Rusiya, Sankt-Peterburq və Moskvada milli əhəmiyyətli hədəfləri vurmağa cəhd edib və bu cəhdlər davam edir”, - Putin qeyd edib.
Rusiya Prezidenti həmçinin bildirib ki, Rusiyada “Oreşnik” raketlərinin seriyalı istehsalına başlanılıb. Onun sözlərinə görə, ölkədə daha bir neçə oxşar raket kompleksi var və onlar da istifadəyə hazırdır.
Bundan əlavə, yaxın illərdə Rusiyada öz xüsusiyyətlərinə görə "dünyada analoqu olmayan" yeni hipersəs sistemləri olacaq", - Prezident əlavə edib.
Eyni zamanda, Putin Rusiyada raket sistemlərinin istehsalının NATO ölkələrinin ümumi istehsalından 10 dəfə çox olduğunu vurğulayıb. Putin əmin edib ki, Moskva Ukraynanın nə qədər Qərb raketi aldığını və daha nə qədər ala biləcəyini bilir.