İshaq Hersoq: “Dünya dərk etməli və anlamalıdır ki, regiona sülh və daha yaxşı gələcək gətirmək üçün düşmənlərinə qarşı mübarizədə İsraili dəstəkləməlidir”
“İsrail Yaxın Şərqdə sülh və firavanlıq uğrunda mübarizə aparır və bütün beynəlxalq ictimaiyyət bu mübarizədə onu qeyd-şərtsiz dəstəkləməlidir”. AYNA xarici mediaya istinadən bildiriri ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq Fələstinin HƏMAS hərəkatının bölgədə silahlı qarşıdurmaların genişlənməsinə səbəb olan İsrailə hücumunun birinci ildönümü münasibətilə çıxışında deyib.
Dövlət başçısının ofisindən verilən məlumata görə, Hersoq səhər tezdən Qəzza zolağı ilə sərhəddə yerləşən kənd təsərrüfatı kommunası olan Reim ərazisinə gedib və burada HƏMAS-ın səhər saatlarında başlayan hücumunun birinci ildönümü ilə bağlı anım tədbirlərində iştirak edib.
Prezident hücumu “yer üzündə yara izi” adlandırıb və əmin edib ki, ölkə hakimiyyəti Qəzzada qalan girovların qaytarılması üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
“Dünya dərk etməli və anlamalıdır ki, tarixin gedişatını dəyişmək, regiona sülh və daha yaxşı gələcək gətirmək üçün düşmənlərinə qarşı mübarizədə İsraili dəstəkləməlidir. Biz azad dünya uğrunda mübarizə aparırıq. Biz regionun daha yaxşı gələcəyi üçün mübarizə aparırıq. Biz dünyanın gələcəyi üçün mübarizə aparırıq. Düşmənlərimizi məğlub etməyə və bütün regiona sülh və daha yaxşı istiqamət gətirməyə imkan vermədən bunları etmək olmaz”, - İsrail Prezidenti vurğulayıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də səhər saatlarında HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə hücum edərək, sərhəd bölgələrinin sakinlərini, o cümlədən qadınları, uşaqları və qocaları öldürüb, girov götürüblər. Hücum nəticəsində 1,2 minə yaxın insan həlak olub, onların üçdə biri İsrail əsgərləri olub. 240-dan çox insan girov götürülüb. Bu hücum İsrail tarixinin ən qanlı hücumu oldu və o, cavab olaraq HƏMAS-ın hərbi-siyasi strukturunu məhv etmək və girovları azad etmək məqsədi ilə Qəzza zolağında genişmiqyaslı əməliyyata başlayıb.