Prezident İlham Əliyevin Moskvada Putinlə təkbətək görüşü olub

Xəbərlər

22.04.2024 - 18:12

Rusiya Prezidenti: “Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir və inkişaf edir”

Azərbaycan Prezidenti: “Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

AYNA APA-ya istinadən bildirir ki, Rusiya Prezidenti bildirib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır. Ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Putinin sözlərinə görə, Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyasının həcmi 6 milyard dollar təşkil edir: "Hökumətlərarası komissiya aktiv işləyir".

“Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ölkələrimiz arasında bir çox istiqamətlərdə əməkdaşlıq mövcuddur. Sözsüz ki, təhlükəsizliyin təminatı nöqteyi-nəzərindən regiondakı vəziyyət barədə danışacağıq. Burada bir çox məsələlər var, onlar çox həssasdır”, - deyə Rusiya Prezidenti qeyd edib.

“Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”. Bu sözləri isə Prezident İlham Əliyev Moskvada Putin ilə təkbətək görüşdə deyib.

“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”, - deyə dövlət başçısı bildirib.

Müəllif: Ayna.az