Prezident Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gedib. AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Ölkə başçısının Kürdəmir səfəri çərçivəsində, həmçinin rayonun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub. Prezident İlham Əliyev həmin tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında da iştirak edib. Dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basıb.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının da açılışı olub. Prezident İlham Əliyev filialın açılışında iştirak edib. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb. Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib. Sonda xatirə şəkli çəkdirilib.