Natiq Cəfərli: “ReAL tək adam təşkilatı ola bilməz, bu, mümkün deyil”
“ReAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Sədrimiz İlqar bəy həbsdə olanda belə, sədr və 1 nömrəli siyasi məhbus olmasına baxmayaraq, dəfələrlə zindandan göndərdiyi təklifləri qəbul edilməyib, İlqar bəy də bunu normal qarşılayıb. İndiki siyasi sistemdə başqa təşkilatlarda bu mümkün deyil”.
AYNA xəbər verir ki, bu barədə ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli açıqlama yayıb: “Hər səhər ofisə ən tez İlqar gəlir, çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyirlər. Belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir”.
“ReAL tək adam təşkilatı ola bilməz, bu, mümkün deyil. Belə olsaydı, ReAL-ı niyə yaradırdıq ki?! Gedib elə bu gün eyni qaydada idarə olunan partiyalardan birinə yazılardıq da. ReAL həyatda şəxsi uğur hekayəsi yazmış insanların təşkilatıdır. ReAL-ın özəlliyi və gözəlliyi də məhz budur! ReAL həmişə şəxsi incikliyini və ambisiyasını arxa plana atan liderlərin təşkilatıdır. Bu, belədir, belə də olacaq”, - deyə N.Cəfərli bildirib.
Qeyd edək ki, bu gün pariya Məclisinin sədri Azər Qasımlı ReAL-dan istefa verib və sədri avtoritarizmdə ittiham edib: “İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə ReAL partiyası bir təşkilat olaraq sıradan çıxsın. Partiyada avtoritar rejim qurulması istiqamətində addımlar atılır”.