Raketlər Polşa müdafiə müəssisələrində xüsusi konsorsiumun bir hissəsi kimi istehsal edilə bilər
Polşa ABŞ Dövlət Departamentindən “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin istehsalına ilkin təsdiq alıb. AYNA.AZ-ın “RMF24”ə istinadən məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirinin müavini Sezari Tomçik bildirib.
Onun sözlərinə görə, raketlər Polşa müdafiə müəssisələrində xüsusi konsorsiumun bir hissəsi kimi istehsal edilə bilər.
"Əvvəlcə amerikalılar polşalıların “Patriot” üçün PAC-3 raketləri istehsal etməsinə şübhə ilə yanaşırdılar. ABŞ-a səfərimizdən sonra hər şey dəyişdi və biz Dövlət Departamentindən ilkin təsdiq aldıq", - Tomçik deyib.
Söhbət “Patriot” sursatının ən son versiyası olan PAC-3 MSE raketlərindən gedir.
“Defense24” qeyd edir ki, Vaşinqton əvvəllər bu cür texnologiyanı müttəfiqləri ilə bölüşməkdən çəkinirdi, lakin artan tələbat səbəbindən ABŞ yeni tərəfdaşlar axtarır.
Hazırda ABŞ-da PAC-3 MSE istehsalı ildə təxminən 700 raketdir. Onilliyin sonuna qədər ABŞ hökuməti istehsalı ildə 2000 ədədə çatdırmağı planlaşdırır.
İranla müharibə, Ukraynaya çatdırılma və müttəfiqlər tərəfindən artan tədarük səbəbindən Amerika ehtiyatları azalıb.
Polşa ordusu artıq iki “Patriot” batareyasından istifadə edir və daha altı batareyanın çatdırılmasını gözləyir.
Tomçik həmçinin qeyd edib ki, ABŞ Polşada “Apache” helikopterlərində istifadə edilən HIMARS və “Hellfire” raketləri üçün uzun mənzilli raketlər istehsal etmək imkanında "çox maraqlıdır".