Paytaxtın mərkəzində qəzalı vəziyyətə salınan tarix: camaat yardım istəyir - FOTOLAR

Cəmiyyət

21.09.2022 - 10:21

Kimsə məmurların köçürülmüş binanı necə qəzalı hala çevirdiklərini görmür?

Sentyabrın 1-dən Azərbaycan Mədəniyyət Nazirliyi Bakı şəhərinin tarix və memarlıq abidələrinin ilkin görünüşünə qanunsuz müdaxilələrlə bağlı əməliyyat monitorinqinə başlayıb. Zaman-zaman yerli medianın xəbər lentlərində tarixi binaların zədələnməsinin qarşısının alınması üçün tədbirlərin görüldüyü barədə məlumatlar yer alır.

Eyni zamanda, Bakının memarlıq irsinin qorunması istiqamətində aparılan bu kampaniyada, nədənsə, Füzuli küçəsi 39 ünvanında yerləşən tarixi binada yaşayan sakinlərin müraciətlərinə məhəl qoyulmur. Söhbət 1908-ci ildə tikilmiş, o zaman Hacınski qardaşlarına məxsus olan üçmərtəbəli yaşayış binasından gedir. 2013-cü ilin aprel ayında bu bina Hollandiyanın “Bresser Eurasia BV” şirkəti tərəfindən 10,6 metr sürüşdürülüb.

Binanın köçürülməsində iki məqsəd var idi: tarixi əhəmiyyətli memarlıq abidəsinin qorunub saxlanılması və Füzuli küçəsinin genişləndirilməsi. Lakin binanın indi yerləşdiyi yerə köçürülməsi həyata keçirilsə də, keyfiyyətli təmir aparılmayıb. Bina sakinləri bu məsələ ilə bağlı dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etsələr də, bürokratik laqeydlik onları 2021-ci ilin oktyabrında Prezident İlham Əliyevə açıq məktub yazmağa məcbur edib.

Sakinlər dövlət başçısına müraciətdə tarixi binanın bərpasının başa çatdırılmamasından, görülən işlərin keyfiyyətinin çox arzuolunmaz olduğundan narahat olduqlarını bildiriblər.

Bundan başqa, BŞİH-in Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən binanın bədii-tarixi dəyəri olan qədim metal darvazalar və qoşa giriş qapıları sökülüb. Sakinlərə bildiriblər ki, onları bərpa məqsədi ilə aparırlar, bundan sonra geri qaytarılaraq binaya quraşdırılacaqlar. Lakin 9 il keçsə də, bu günə qədər aparılanlar geri qaytarılmayıb.

Blokun giriş və pilləkən qəfəsləri təmir olunmayıb, həyətə baxan girişlərin qapıları quraşdırılmayıb, təmir olunmayıb. Rəsul Rza küçəsinə baxan eyvanlar bərpa olunmayıb. Tarixi binanın dörd xarici tərəfindən yalnız Füzuli və Rəsul Rza küçələrinə baxan iki fasadı təmir olunub. Evin digər iki tərəfi 1990-cı illərdə olduğu kimi görünür. Rəsmilər on ildir ki, tarixi binanın divarlarında tamamlama işlərinin aparılmasını, bərpa işlərinin başa çatdırılmasını lazım bilməyiblər.

Sakinlər tərəfindən diqqətə çatdırılır ki, bir neçə il əvvəl məmurlar öz mənzillərini sakinlərdən təcili almaq üçün bu binanı qəzalı vəziyyətə salmağa cəhd ediblər. Bundan narahat olan sakinlər “Bresser Eurasia BV” şirkətinin rəhbərinə üz tutublar və o, rəsmilərin yalanlarını üzə çıxarıb, tarixi binanın qəzalı vəziyyətdə olmadığını bildirib.

Hazırda məmurların onların problemlərinə lazımi diqqət yetirməməsi sakinləri hələ də narahat edir. Mövcud qüsurlara dam örtüyü ilə bağlı problem də əlavə edilib. Redaksiyamıza göndərilən fotolardan belə anlaşılır ki, hələ 2013-cü ildə aparılan səhlənkar təmirə görə indi binanın dam örtüyünün təmirə ehtiyacı var. Üçüncü mərtəbədə yaşayan sakinlər yağış yağanda mənzillərinin tavanından su axmasından şikayətlənirlər.

Bu vəziyyətdə, istər-istəməz, ağıla belə fikir gəlir ki, məmurlar binanı qəzalı vəziyyətə salmaq üçün bilərəkdən bərpa və təmir işləri aparmırlar. Üstəlik, belə bir cəhd artıq olub axı...

Paytaxtın mərkəzində qəzalı vəziyyətə salınan tarix: camaat yardım istəyir - Paytaxtın mərkəzində qəzalı vəziyyətə salınan tarix: camaat yardım istəyir - Paytaxtın mərkəzində qəzalı vəziyyətə salınan tarix: camaat yardım istəyir - Paytaxtın mərkəzində qəzalı vəziyyətə salınan tarix: camaat yardım istəyir -
Müəllif: Asif Aydınlı