Paşinyanın partiyası ədliyyə naziri postuna namizəd seçə bilməyib

Dünya

10.10.2024 - 12:44

Həkimlər Klinikalar SEO Xidməti

Qriqor Minasyanın istefasından sonra Ədliyyə Nazirliyinin rəhbəri postu boş qalıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən hakim “Mülki müqavilə” Partiyasının İdarə Heyətinin dünənki iclasının təfərrüatları məlum olub. AYNA erməni mediasına istinadən bildirir ki, toplantıda kadr məsələləri müzakirə edilib.

Əsas mövzu ədliyyə naziri postuna namizədin müəyyənləşdirilməsi olub. “Hraparak” qəzeti mənbələrinə istinadən yazır ki, hakim partiya nazir postuna namizəd seçə bilməyib.

Nazir vəzifəsinə iki nəfərin – deputatlar Arusyak Culakyan və Arpi Davoyanın namizədliyi irəli sürülüb. Lakin səsvermədən əvvəl Culakyan namizədliyini geri götürüb. Davoyanı isə İdarə Heyətinin yalnız iki üzvü - müdafiə naziri Suren Papikyan və deputat Vaaqn Aleksanyan dəstəkləyib.

Xatırladaq ki, nazir postu oktyabrın 1-də Qriqor Minasyan istefa verdikdən sonra boş qalıb. Bundan əvvəl Ermənistan Parlamentinin “Mülki müqavilə” fraksiyasının təşəbbüsü ilə Minasyanı vəzifədən uzaqlaşdırmaq məqsədi ilə imza toplanmışdı.

Müəllif: Ayna.az