Paşinyan-Putin gərginliyi pikə doğru – Vəziyyət “ruscadır”

Siyasət

12.09.2023 - 18:16

Deputat: “Rusiya-Ermənistan münasibətləri kritik və böhranlı dövrünü yaşayır”

Politoloq: “İrəvanın son addımları Moskvanı konkret addımlara təhrik edir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlər qarşısında çıxışı zamanı deyib ki, Rusiya həmişə Ermənistanın yanında olub və olacaq. O, yaxın müttəfiq və tərəfdaş adlandırdığı Ermənistandan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir rəsmi siqnal almadıqlarını bildirib.

“Həll etməli olduğumuz müəyyən problemlər ola bilər, lakin onları dialoq yolu ilə həll etmək lazımdır. İki ölkənin inkişaf məntiqi və milli maraqları onların müttəfiqlik və tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi zərurətini diktə edir. Baxmayaraq ki, KTMT-dən çıxmaqla bağlı siqnallar almırıq, lakin müəyyən çağırışlar olur. Biz bu mövzuda çoxlu müzakirələr görmüşük, o cümlədən, deyək ki, Ermənistanda olan və bunu dəfələrlə müzakirə edən qərbyönlü analitiklər. Amma bununla bağlı heç bir rəsmi siqnal almamışıq”, – deyə Putinin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya KTMT çərçivəsində Ermənistanı müdafiə etməyə hazırdır: “Əgər biz Ermənistanın ərazisindən danışırıqsa, bilirsiniz ki, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Lakin siz də bilirsiniz ki, Ermənistan 1991-ci il sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişdi, ona görə bu da lazımdır və nəzərə alınmalıdır. Bu, İrəvanın qərarı idi”.

Xatırladaq ki, Rusiya ilə Ermənistan arasında münasibətlər yenidən gərginləşib. Uzun müddət Cənubi Qafqaz regionunda Kremlin forpostu qismində çıxış edən rəsmi İrəvan Paşinyanın hakimiyyətə gəlişindən sonra qərbmeylli siyasət yürüdür. Ermənistan KTMT çərçivəsində və digər formatlarda Moskva ilə müttəfiqlik təmaslarını davam etdirsə də, siyasi münasibətlər sürətlə pisləşməyə doğru gedir.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, professor Elman Nəsirov mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, Rusiya-Ermənistan münasibətləri kritik və böhranlı dövrünü yaşayır: “Rusiya tarix boyunca Ermənistanın arxasında dayanıb. Şimal qonşumuzun və xarici havadarlarının dəstəyi sayəsində, Ermənistan 30 il ərzində işğal siyasəti yürüdüb. Rusiya Ermənistan üçün çox işlər görüb. Ermənistan bunun əvəzini ödəyə bilməz”.

“Paşinyanın hakimiyyətə gəlişi ilə rəsmi İrəvan Qərbə meyllənməyə başladı. Xüsusən 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra Ermənistan Fransa və Avropaya yaxılaşmaq kursunu götürdü. Bu da səbəbsiz deyil. Çünki Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. Onlar Rusiyanın zəiflədiyi bir vaxtda Moskvadan imtina etdilər və bu da, heç şübhəsiz, Kremli qıcıqlandırır. Peskovun son açıqlaması da bunun bariz nümunəsidir. Rəsmi Moskva İrəvandan Ermənistanın KTMT-ni tərk etməklə bağlı siqnal almadıqlarını, lakin bu istiqamətdə siyasi kluarlarda intensiv müzakirələrin getdiyini açıq şəkildə bəyan edir”, - deyə həmsöhbətimiz bildirib.

Deputat hesab edir ki, Ermənistan Qərbdən ciddi dəstək gözləsə də, bunu ala bilməyəcək: “Çünki Azərbaycanın qazandığı tarixi qələbə regionda yeni reallıqlar yaradıb. Bütün dünya bu reallıqla hesablaşır və hesablaşmalıdır. Tarixi zəfərdən sonra məğlub duruma düşən və mövqeyi sarsılan Paşinyan və komandası Fransaya sığınaraq, regionda aranı qatmağa, müxtəlif təxribatlar törətməyə çalışır. Fransanın səyləri nəticəsində Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının patrul fəaliyyətini artırması, faktiki olaraq kəşfiyyatçıların bölgəyə gətirilməsi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin mandatından kənar fəaliyyət göstərməsi, Ermənistanın maraqlarına uyğun siyasət yürütməsi və s. bu qəbildəndir. Şübhəsiz ki, bu, heç nəyi dəyişməyəcək”.

“30 illik işğal dövründə soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin salınmasına, Xocalı soyqırımına, ərazilərimizin xarabalığa çevrilməsinə, ekoloji və mina terroruna məruz qoyulmasına reaksiyasız qalan Qərb dairələrinin Ermənistanı müdafiə etmək cəhdləri nəticəsizdir. Müharibədən öncə cənab Prezident İlham Əliyev Ermənistanın rəhbərliyinə müraciət edir, onları işğal altında saxladıqları torpaqları azad etməyə dəvət edirdi. Onlar bu çağırışa məhəl qoymadılar və tarixi ədalət bərqərar olundu. Ermənistan xarici havadalarının dəstəyilə təxribatçı əməllərinə davam etsə, “dəmir yumruq” yenidən başlarına dəyəcək”, - deyə Nəsirov vurğulayıb.

Baş verənlər AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, İrəvanın Qərbə yaxınlaşma siyasəti Rusiyanı konkret addımlara təhrik edir: “Rusiya ilə Ermənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur. Yəqin ki, Moskva İrəvanla münasibətləri aydınlaşdırmağa çalışacaq. Siyasi və iqtisadi təmaslara yenidən diqqət yetiriləcək”.

“Buna qədər Kreml rəsmilərindən İrəvana yönəlik açıq tənqidlər səslənmirdi. Artıq səslənir. Ermənistana ciddi miqyasda silah-sursat göndərilməməsi hərbi münasibətlərin məhdudlaşdırılması anlamına gəlir. Elə bu səbəbdən də Ermənistan başqa dövlətlərdən hərbi dəstək almağa çalışır”, - deyə analitik qeyd edib.

Onun xatırlatmasına görə, müharibədən sonra Moskva arzulayırdı ki, Ermənistanda hakimiyyət dəyişsin: “Bu, mümkün olmadıqdan sonra Paşinyanla dil tapmağa çalışdılar. Görünür ki, bu da alnımır. Çünki Paşinyan iqtidara Qərb dairələri ilə anlaşma şəraitində gəlib. Bu səbəbdən təzyiqlərin daha da artacağını söyləmək olar”.

“Azərbaycan isə haqlı olaraq bəyan edir ki, Ermənistanın xarici siyasəti onun üçün əhəmiyyət kəsb etmir. Bizim üçün əsas olan odur ki, Ermənistan 10 noyabr üçtərəfli bəyanatı zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”, - deyə Vəlizadə fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev