Parlamentdə qaz limitinin ləğvinə çağırış: “100 manat vurursan, 50 manat yüklənir”

Aktual

30.12.2023 - 15:30

Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi: deputatların təklifləri var

Bu gün Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirilib. İclasın gündəliyinə yeddi məsələ daxil edilib.

Əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər. Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, müstəqillik tariximizi təhlil etsək, səmimi şəkildə deyə bilərik ki, 2023-cü ildə biz bütün prinsipial konstitusion niyyətlərin realizəsini başa çatdıra bilmişik: “Azərbaycan xalqının layiqli rifahı önündə əsas əngəl olan işğala birdəfəlik son qoyaraq, azad olunmuş ərazilərə böyük qayıdışın əsas mərhələsinə start verərək hamının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində həlledici addımlar atılıb. Siyasi islahatların dərinləşməsi ilə demokratik quruluşa və vətəndaş cəmiyyətinin bərqərar edilməsinə təminat verilib”.

Deputatdan müxalif siyasi qüvvələrə çağırış: “Şansdır, arınsınlar, təmizlənsinlər”

“7 fevral növbədənkənar prezident seçkiləri əslində həm də dövlətçilik tariximizin yeni inkişaf mərhələsinə keçid olacaq. İndi növbə vətəndaşındır. Seçkidə aktivlik göstərməklə yeni quruculuq prosesinə töhfə hər bir azərbaycanlının vəfa borcudur. Əlbəttə, hər kəs seçimini sərbəst edəcək və burda heç bir çağırış etmək niyyətində deyilik. Amma artıq Qorbaçovun xeyir-duası ilə formalaşan cəbhə təfəkküründən qurtulmaq vaxtıdır. Hakimiyyətə münasibətdə ucuz tənqid, yaxud sosial mediada xoruzlanmaq müstəqilliyin göstəricisi ola bilməz. Hər bir cəmiyyətdə ən müstəqil şəxslər elə dövlətinə arxalanan adamlardır. Ona görə də artıq Azərbaycan vətəndaşı dövlətin adamıyam deməkdən nəinki çəkinməməli, Heydər Əliyev dövlətinin adamı olmaqdan qürur duymalıdır. Bu gün ya Avropada kiminsə qucağında oturub, ya da Bakıda çiyinində çantası səfirliklərin ətrafında veyillənərək özünü xarici ölkələrə satır”, - deputat vurğulayıb.

Deputat müxalif siyasi qüvvələrə çağırış da edib: “İndi 2024 yeni başlancığdır, bizim üçün təməlində böyük uğurlarımızın, zəfərlərimizin dayandığı milad ilidir, arınmaq ilidir. Şansdır, arınsınlar, təmizlənsinlər,  bu çirkabdan və qalibiyyətin çətiri altına yığışsınlar”.

“Bunun qarşısını biz indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq”

Millət vəkili Fazil Mustafa narkotik aludəçiləri barədə təklif səsləndirib: “Narkoaludəçiyə mütləq psixoloji dəstək lazımdır. Çünki narkoloji dispanserlərə gedənlərin 70 faizi orada 10-15 dəfə müalicə alıb yenidən narkotikə başlayanlardır. Dövlət büdcəsindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına ayrılan vəsait artırılmalıdır. Komissiyanın işinin qənaətbəxş olması üçün onların reabilitasiya mərkəzləri yaratmaq lazımdır”.

“Xaricdən də belə təhdidlər var. Xarici ölkələrdən ölkəmizə narkotikin daxil olması danılmaz faktdır. Bunun qarşısını biz indi almasaq, gələcəkdə çox ağır nəticələri olacaq”, - o qeyd edib.

“Zori Balayan Avropa Məhkəməsinə verilsin!” - TƏKLİF

“Qaza qoyulan limit ləğv olunmalıdır. Qaz kartına 100 manat vurursan, avtomatik görürsən ki, 50 manat yüklənir. Bu, artıq camaatın cibinə girmək deməkdir”.  Bu təkliflə isə deputat Sabir Rüstəmxanlı çıxış edib.

Millət vəkili bildirib ki, qaz limiti ləğv olunmalıdır: “Qiymət müəyyənləşməlidir ki, cammat onu ödəsin”.

Deputat Siyavuş Novruzov isə erməni cəllad Zori Balayanla əlaqədar Avropa Məhkəməsinə müraciət etməyi təklif edib. Millət vəkili xatırladıb ki, dəfələrlə Azərbaycana qarşı terrorizm olub: “Zori Balayan Xocalı soyqırımı ilə əlaqədar uşaqları necə yandırdığını, borulara necə doldurduğunu öz kitabında yazıb. Balayan kitabında bunu təqdim edib. Biz də azərbaycanlılara qarşı özləri etiraf etdiyi cinayətləri Avropa Məhkəməsinə təqdim etməliyik. Bunu biz demirik, özləri etiraf edir. Deyir türklərə qarşı nifrətim var, onlara qarşı bu əməlləri törətmişəm”.

“Bu gün ən böyük terror mənəvi terrordur. AŞPA-da, Avropa Parlamentində Azərbaycana qarşı mənəvi terror edirlər. Azərbaycanda maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar. Bizim deputatlara orada hücum çəkirlər. Söyüş söyürlər, insanların ailəsini təhqir edirlər, Milli Məclisdə oturan bütün deputatları təhqir ediblər. Biz indi “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”u təsdiq edirik, amma qarşılığında vəsatət qaldıraq ki, adekvat cavab versinlər. Milli Məclisdə oturan deputatlar, biz heç kimin daxili işlərinə qarışmırıq. Biz də tələb etməliyik ki, siz də bizim daxili işimizə qarışmayın. Bizə qarşı olan ədalətsiz hücumların qarşısı alınmalıdır”, - deyə Novruzov vurğulayıb.

Sonra gündəlikdə olan məsələlər müzakirə olunub.

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib. İclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ daxil edilib.

Müraciətdə deyilir: “Azərbaycan xalqı dünyanın böyük millətləri ilə bir sırada dayanır. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Odur ki, Asiyada, Avropada, Amerikada və digər yerlərdə məskən salmış vətəndaşlarımız yurdlarında baş. verənləri diqqətlə izləyir və fəxr edirlər. Qəhrəman silahlı qüvvələrimizin bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyinin bərpa edilməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycan respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərdən birini təşkil edir. Azərbaycanın bütün potensialının ortaya çıxararaq dünyaya tanıdılması istiqamətində görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı bir-birinə dəstək olmaqdır. Əziz azərbaycanlılar, Sizi birliyə çağırırıq”.

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da Milli Məclisin payız sessiyası bitib və deputatlar tətilə yollanıblar.  

Müəllif: Anar Bayramoğlu