Paris İsrailin Baş nazirinə BCM-nin qərarı ilə bağlı toxunulmazlıq verib

Dünya

29.11.2024 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Makron Livanda atəşkəs razılaşmasında rol oynaması müqabilində Netanyahunun həbsinə dair BCM-nin orderini icra etməməyə razılaşıb

Fransa Prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol oynaması müqabilində İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderini icra etməməyə razılaşıb. AYNA xəbər verir ki, bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, order verildikdən az sonra Fransa Prezidenti Netanyahuya zəng edərək bildirib ki, Paris “BCM-ə hörmət etməyə və onunla maksimum dərəcədə əməkdaşlıq etməyə borcludur”.

Eyni zamanda, Makron əlavə edib ki, ölkənin Daxili İşlər Nazirliyinin müddəaları məhkəmənin həbsə dair orderlərdən “toxunulmazlıq təmin edir”.

Bununla bağlı tərəflər Livanda atəşkəslə bağlı vəziyyəti müzakirə ediblər. Onlar razılaşıblar ki, Paris BMT Təhlükəsizlik Şurasının İsrail və Livan sərhədindəki vəziyyəti tənzimləyən 1701 saylı Qətnaməsinin icrasına nəzarət komitəsində mühüm rol alacaq. Jurnal vurğulayır ki, məhz bu telefon danışığı zamanı Fransa ilə İsrail arasında “son fikir ayrılıqları” aradan qaldırılıb.

“Netanyahuya toxunulmazlığın verilməsi Fransanın Livan razılaşmasında öz rolunu oynamasına səbəb oldu”, - İsrail mənbəsi nəşrə bildirib.

Müəllif: Ayna.az