“Hüquqlarımızı, tam suverenliyimizi və kanalımızın mülkiyyətini pozmadan dialoq olmalıdır”
Panama Prezidenti Xose Raul Mulino ABŞ-ın yeni Prezidenti Donald Trampın Panama kanalına nəzarəti ələ keçirməklə bağlı yeni vədinə cavab verib.
AYNA xəbər verir ki, Mulino “X” sosial şəbəkə hesabında Trampın andiçmə mərasimindəki nitqinə cavabı dərc edib və yazıb ki, “kanal Panamadır və onun administrasiyası daimi neytrallığı qoruyaraq Panama nəzarəti altında qalmağa davam edəcək”
“Dünyada elə bir ölkə yoxdur ki, bizim administrasiyamızın işinə müdaxilə etsin. Kanal heç kimin deyildi. Bu, 1999-cu ildə Torrixos-Karter Müqaviləsi ilə yekunlaşan nəsil mübarizəsinin nəticəsi idi və o vaxtdan bu günə qədər, 25 ildir fasiləsiz olaraq, biz onu məsuliyyətlə idarə edirik. Dünyaya və onun ticarətinə xidmət etmək üçün genişləndirmişik”, - deyə Prezident vurğulayıb.
Panama Prezidenti həmçinin bu kimi məsələlərin dialoq yolu ilə müzakirə edilməsinə çağırıb: “Hüquqlarımızı, tam suverenliyimizi və kanalımızın mülkiyyətini pozmadan dialoq olmalıdır”.