Özün təmiz, ətrafın natəmiz...

Dünya

05.06.2022 - 10:20

Nəfəs aldığımız hava ildə bir dəfə deyil, hər an lazımdır

Bilmirəm, hələ də kimsə deyirmi, amma keçmişdə valideynlər övladının harasa getməsini istəməyəndə deyirdilər ki, “oğlum, mən sənə güvənirəm, amma mühit pisdir, oraya getmə”.

Yəni bizim yaxşı olmağımız kifayət deyil... Ətraf mühit pisdirsə, vəziyyət təhlükəlidir.

Fərqli mənada, “pis ətraf mühit”, əslində, təkcə uşaqlar və gənclər üçün deyil, bütün bəşəriyyət üçün təhlükədir: Həddindən artıq və şüursuz istehlakla çirkləndirdiyimiz səma bizə iqlim böhranı kimi qayıdırsa, aldığımız nəfəs zəhərlidirsə, evimizin içi təmiz olsa, nə fərq edər?!

Qorxulu mənzərə

5 iyun BMT tərəfindən Ümumdünya Ətraf Mühit Günü kimi tanınıb. Bu, o deməkdir ki, bəşəriyyət bu məsələnin vacibliyini düz 50 il əvvəl - 1972-ci ildə müəyyən edib. Amma çox təəssüf ki, eyni 50 ildə biz ekoloji problemlərin bütün dünyada necə böyüdüyünün şahidi olduq.

Yaşadığımız iqlim böhranına baxmayaraq, qlobal iqtisadiyyat ətraf mühitin qorunması üçün xərclərdən yayınır. Zəngin ölkələr kimyəvi tullantılarını və zibillərini yoxsul ölkələrə atır. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrdə planlaşdırılmamış urbanizasiya və infrastrukturun olmamasından irəli gələn müxtəlif ekoloji problemlər var. Təbii ki, ətraf mühitin çirklənməsinin əkinçilik və heyvandarlıqda öz əksini tapdığını unutmaq olmaz.

Təmzilik zamanı

Problem yaratmaq asandır. Bəs çarə? Yaxşı olar ki, biz ətraf mühit həssaslığımıza özümüzdən başlayaq. Ağaclar və meşələr planetimizin ağciyərləridir. Onları qorumaq özümüzü qorumaq deməkdir. Cari yay mövsümü bütün Aralıq dənizi hövzəsində meşə yanğınlarının ən çox yayıldığı dövrdür. Təəssüf ki, yanğınların əksəriyyəti insanların diqqətsizliyi və təsiri nəticəsində baş verir.

Şüşə qırıntılarından tutmuş siqaret kötüklərinə qədər bir çox tullantılar həddindən artıq istidən qurumuş meşələri alovlandırmağa kifayət edir. “Ağciyərimiz yanmamış” meşələrimizə qulluq edək. Piknikləri yanğın zonasına, döyüş meydanına çevirməyək. Və Hz. Peyğəmbərin (s) buyurduğu kimi: “Sabah Qiyamətin qopacağını bilsək belə, ağac əkək”.

Təbiət dostunu seçmək

Təbiətə verdiyimiz fərdi töhfələrdən biri də alış-veriş zamanı ekoloji cəhətdən təmiz məhsullara müraciət etməkdir - bacardığımız qədər. Bunlar təkrar emal edilmiş qablaşdırmaya malik məhsullar ola bilər. Və ya enerjiyə qənaət edənlər...

Bundan əlavə, tərkibində sintetik materiallar olmayan əşyaların seçilməsi uzun müddətdə təkrar emala töhfə verəcək. Bazarda parça çanta istifadə etməkdən tutmuş ictimai nəqliyyata üstünlük verməyə, otaqdan çıxarkən işığı söndürməyə qədər bir çox davranışla ekoloji təfəkkürümüzü inkişaf etdirə bilərik.

Biz ekoloji cəhətdən təmiz məhsullara müraciət etdikcə, istehsalçılar daha ekoloji cəhətdən təmiz məhsullar təklif etməli olacaqlar. Təbii ki, ən mühüm ekoloji hərəkat israfçılıqdan və şüursuz istehlakdan qaçmaqdır.

Bir gün kifayətdirmi?

Nəfəs aldığımız hava ildə bir dəfə deyil, hər an lazımdır. Torpaqdan yetişdirilən bitkilərə, içdiyimiz təmiz suya təkcə yubileylərdə deyil, hər gün ehtiyacımız var.

Belə olan halda biz təkcə 5 iyunu deyil, hər günü Ümumdünya Ətraf Mühit Günü kimi qeyd etməliyik. Unutmayaq ki, zahirən yaxşı görünsək də, ətraf mühitimiz pisdir.

Neçə dəfə deyilməli?

Bu köşəni oxuyanlar, ola bilsin ki, əvvəllər ətraf mühitlə bağlı çoxlu yazılara rast gəliblər. Yaxud biz hamımız artıq nə deyildiyini bilirik. Amma aydındır ki, nə qədər olduğunu demək kifayət deyil. Bunları hər gün özümüzə təkrarlamaq, yaxınlarımıza da daim xatırlatmaq lazımdır.

Hz. Peyğəmbər (s) buyurur ki, “ən gözəl ibadət davamlı olaraq edilən ibadətdir”. “Təmizlik imandandır” prinsipinə əsaslanaraq bilmək lazımdır ki, ətraf mühit təmizliyi bədənə ibadətlərin əsasıdır. Bunun ən sadə göstəricisi çirkli su ilə dəstəmaz almamaq və çirkli yerdə namaz qılmamaqdır.

Üstəlik, namaz təkcə evdə və ya məsciddə deyil, təbiətdə və açıq havada da qılınır. Beləliklə, təmiz saxlanması lazım olan yer dünyanın hər tərəfidir.

Bütün canlıların qayğısına qalmaq, ətraf mühiti qorumaq, resursları israf etməmək “mən müsəlmanam” deyən hər kəsin əsas vəzifəsidir. “İnsanlar fəlakətləri öz əlləri ilə hazırlayırlar” ifadəsi “Quran”da dəfələrlə xatırlanır.

Bundan əlavə, ətraf mühitin təmizliyinə işarə edən çoxlu hədislər var. Başqa sözlə desək, ekoloji şüur ​​“yeni moda” anlayışı olmaqla yanaşı, dinin əsaslarından biridir.

Xarici təmizlik olmasa, daxili təmizliyə nail olmaq çox çətindir. Eləcə də, niyyətimiz təmiz olmasa, ətrafımızı təmiz saxlamağımız mümkün deyil. Qəlbimizi həqiqətən təmizləməsək, içimizdə yığılan tullantılar bir gün ətrafımızı da çirkləndirəcək…

Müəllif: Naci Cem Öncel

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli