Zərbənin təsirindən sürücü hadisə yerində keçinib
Kürdəmir rayonunda ağır yol qəzası baş verib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomaşının sürücüsü - Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lövhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib.
Avtomobildəki sərnişin - Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Deformasiyaya uğrayan avtomobildə sıxılaraq müxtəlif növ ağır bədən xəsarəti alan sərnişin təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.