Arvadını və baldızını bıçaqdan keçirən şəxs axtarışa verildi

Hadisə

03.09.2019 - 11:16

Kürdəmir sakini həyat yoldaşına 14, baldızına 5 bıçaq zərbəsi vurub

 

Dünən gecə saatlarında iki qadın çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, onlar 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudova bacılarıdır.

 

Həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur.

 

Baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Polisin məlumatına görə, cinayət Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4 ünvanında, ailə münaqişəsi zəminində törədilib.

 

İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Roza Abdul qızına isə 5 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Hazırda onun axtarışları davam edir.

Müəllif: Ayna.az