O qızın “qatillərini” tapın

Cəmiyyət

26.02.2020 - 19:21

“Universitetin 3-cü kursunda oxuyan tələbə öz canına necə qıya bilər?!”

 

Fevralın 24-ü gecə Bakı Dənizkənarı Bulvarda tələbə qızın özünü dənizə ataraq intihar etməsi təəssüf doğurur. Özünə qəsd edən tələbənin instituta hazırlıq müəllimi olmuş təhsil üzrə ekspert Elçin Əfəndi AYNA-ya açıqlamasında belə deyib.

 

“Nəzakət Rzazadə çox ağıllı, çalışqan tələbə idi. Tibb Universitetində pulsuz təhsil almaq məsləhətimizə qulaq asdı, sonra yüksək balla həmin Unuversitetə qəbul oldu. Görünür, ailə problemləri olub, ailəsi ilə də əlaqə saxladım. Hələlik problemin tam olaraq nədən ibarət olduğunu bilmirəm. Yüksək balla Tibb Universitetinə qəbul olmuş, “Müalicə işi” kimi fakültənin 3-cü kursunda oxuyan tələbə necə canına qıya bilər?! Axı o, gələcəyin həkimi olacaqdı... Görünür, gənclərin yüksək bilikdən əlavə, güclü psixoloji dəstəyi də olmalıdır”, - E.Əfəndi bildirib.

 

Psixoloq Fərqanə Mehmanqızı AYNA vasitəsilə, cəmiyyətdə özünə qəsd edənlərin qınanılmasına belə reaksiya verib: “İntihar psixoloji haldır, mənəvi aclıq, xroniki depressiya, ətrafdakılar tərəfindən dinlənilməmək, anlaşılmamaq nəticəsində baş verir. İqtisadi durum, doğma insanın itkisi, cəmiyyətdəki mövqe kimi səbəblər də gətirilə bilər, amma intiharın əsas səbəbi insan beyninin alt qatında yatır. İntihara qədər insan həyatında zamanla baş verən psixoloji travmalar olur. Bu günə qədər canına qəsd etmiş, amma sağ qalmış insanlarla çox söhbətim olub, onlar intihara cəhd anlarından söhbət açanda ətrafdan, dünyadan təcrid olunduqlarını deyirlər. Demək ki, bu insan həmin anda özündə olmur”.

Raminə Eyvazqızı