“O erməninin cavabını Bakı deyil, Cənubdakı deputat soydaşlarımız verməlidir”

Siyasət

28.09.2023 - 18:07

İran parlamentində anti-Azərbaycan çağırışı: “Bakı Təbrizi hədəfə alıb”

İran parlamentinin erməni əsilli deputatı Azərbaycana böhtan atıb. Bu barədə “Azad İran” adlı “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, İsfahan ermənilərinin İran parlamentindəki nümayəndəsi Robert Beqlaryan İslam Şurası Məclisinin açıq iclasında çıxış edərək Azərbaycana qarşı qərəzli və həqiqətdən uzaq fikirlər səsləndirib. O, təcili olaraq molla rejiminin hakimiyyət orqanlarından onun səsləndirdiyi ittihamlara cavab verməsini tələb edib.

Bundan əlavə, Beqlaryan İran hakimiyyətini Azərbaycan Respublikasının Qarabağ bölgəsində keçirdiyi antiterror tədbirlərinə biganə qalmamağa çağırıb: “Bakı Təbrizi, İranın şimal-qərb əyalətlərini, Tehran və Qəzvini hədəfə alıb”.

Bu çıxış nədən xəbər verir? Biz buna məhəl qoymamalıyıq? Bəlkə, rəsmi Bakı İrana etiraz notası göndərsin və ya heç olmasa qınayan bəyanatla çıxış etsin?

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, bu şəxsin cavabını Bakıdan yox, İran parlamentində vermək lazımdır: “Axı azərbaycanlı kökənli onlarla deputat var orada. Və məncə, bir erməni əclafını yerinə otuzdura bilərlər”.

“Bu adamın adını belə, çəkmək istəmirəm. Sadəcə, görünür, ona elə şərait yaradıblar ki, o, kürsüyə çıxmağa və belə həyasızlıq nümayiş etdirməyə cəsarət tapır və əmindir ki, buna görə heç kim onun başına qapaz vurmayacaq. Deməli, azərbaycanlı deputatlar bu əclafın qərəzli fikirlərini cavabsız qoysalar, buna görə onlar haqqında rəy formalaşacaq”, - deyə həmsöhbətimiz bildirib.

Musabəyovun sözlərinə görə, Beqlaryanın sərsəmləmələri heç də bizim əhvalımızı korlamamalıdır: “Bir yerləri yanır, ona görə də zibil püskürürlər. O kimdir ki, Azərbaycan Xarici İşlər Nazirliyi onun boş söhbətinə cavab olaraq rəsmi nota versin? Amma İrandakı azərbaycanlı deputatlar mahiyyətcə onun təxribat xarakterli çıxışını cavabsız qoymamalıdırlar”.

Sözügedən məsələyə dair fikirlərini AYNA ilə bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəznin şöbə müdiri Fuad Çıraqov əmindir ki, əgər İran parlamentinin erməni əsilli deputatı bu cür cəsarətli bəyanatlar vermək və Azərbaycana qarşı təcavüzə çağırmaq və ya son hadisələrə müdaxilə etmək üçün özünü rahat hiss edirsə, bu, o deməkdir ki, onun ideyalarına kifayət qədər dəstək hiss edir və İranın siyasi elitasında kifayət qədər bu mövqedə olanlar var.

“İran siyasi elitasının Azərbaycanla bağlı qorxu və fobiyaları haqqında bildiyimiz hər şey Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra xüsusilə kəskinləşdi. Qalib Azərbaycanın uğur hekayəsi İranın bəzi radikal dairələri üçün kabusdur. İran parlamentinin bu erməni deputatı isə öz açıqlamaları ilə həmin fobiyalardan istifadə etməyə çalışır. Çünki, ermənilər sadəcə olaraq Azərbaycanla İran arasında münaqişənin olmasını arzu edirlər”.

Müəllif: Rauf Orucov