"Təşəbbüs Amerika silah və texnikasının Ukraynaya sürətli axınını təmin edəcək”
Norveç, İsveç və Danimarka Ukraynanı Amerika silahları ilə təmin etmək üçün NATO-nun yeni təşəbbüsü üçün birlikdə təxminən 5 milyard Norveç kronu (486 milyon dollar) verəcək. AYNA.AZ xəbər verir ki, bu barədə avqustun 5-də Norveç hökuməti məlumat yayıb.
"Təşəbbüs Amerika silah və texnikasının Ukraynaya sürətli axınını təmin edəcək. O Ukraynanın hava hücumundan müdafiəsini, xüsusən “Patriot” hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər vasitəsilə gücləndirəcək", - bəyanatda deyilib.
Qeyd edilib ki, Norveçin ilkin töhfəsi 1,5 milyard Norveç kronu (145 milyon dollar) təşkil edəcək. Oslo xatırladıb ki, avqustun 4-də Hollandiya Ukrayna üçün 500 milyon dollarlıq silah paketi elan edib və “gələcəkdə belə dəstək paketləri daha çox olacaq”. Bunlara hava hücumundan müdafiə, döyüş sursatı və digər mühüm avadanlıqlar daxil ola bilər. Təhlükəsizlik səbəbi ilə hər bir paketin dəqiq məzmunu açıqlanmayacaq.
Xatırladaq ki, avqustun 4-də NATO və ABŞ Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (PURL) təşəbbüsü vasitəsilə Ukraynaya dəstək üçün yeni mexanizmin işə salındığını elan ediblər. Bunun sayəsində Alyansa üzv ölkələr və tərəfdaşlar könüllü töhfələr hesabına Ukraynaya Amerika silah və texnologiyalarının tədarükünü maliyyələşdirmək imkanı əldə edəcəklər.