Niyə yaxın İran deyil, uzaq Amerika?

İdman

02.12.2022 - 18:05

ABŞ-a azarkeşlik edən azərbaycanlılar və “oyundankənar” vəziyyətdə qalan İran...

Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında ABŞ yığması B qrupunun III turunda İranla oyunda qalib gəlib. Cənub qonşumuzu 1:0 hesablı qələbə ilə məğlub edən Amerika yığması bununla 1/8 finala yüksəlib və Niderland yığması ilə üz-üzə gələcək.

ABŞ Prezidenti Cozef Bayden dünya çempionatında Birləşmiş Ştatlar millisinin İran komandası üzərində qələbəsindən xəbər tutan kimi futbolçuları təbrik etmək üçün səhnəyə qayıdıb və deyib: “ABŞ birdir, İran sıfırdır! Oyun bitdi. ABŞ! ABŞ! Bu, ən vacib matçdır, dostlar”.

Qeyd edək ki, ABŞ-İran oyununun keçirildiyi stadionda Azərbaycan bayraqları dalğalanıb, bayrağın üzərində isə “O tayı da, bu tayı da” yazılıb.

Göründüyü kimi, bu qarşılaşma Azərbaycanda da maraqla izlənilib. Azərbaycan azarkeşləri əksəriyyət etibarilə Amerika yığmasına azarkeşlik edib. Hətta Amerikanın qələbəsindən sonra dünyanın müxtəlif şəhələrində azərbaycanlılar bunu coşqu ilə qarşılayıb  və sosial şəbəkələrdə paylaşblar.

Xatırladaq ki, İranın Azərbaycana qarşı “əzələ nümayişləri” və informasiya təxribatları davam edir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra İran Ermənistana dəstəyi çoxaldaraq ölkəmizə qarşı təhdid ritorikasını artırıb. Bütün bunlar da öz növbəsində Azərbaycanla İran arasında münasibətlərin yenidən gərginləşməsinə səbəb olub.

İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və futbol üzrə İran milli yığmasının tərkibində də güneyli soydaşlarımız təmsil olunur. Belə olduğu təqdirdə, azərbaycanlı azarkeşlərin ABŞ yığmasının qələbəsini coşğu ilə qarşılaması “Maraqlıdır, niyə azərbaycanlı azarkeşlər qonşu İrana yox, uzaq Amerikaya azarkeşlik edirlər? İran bu münasibəti qazanmaq üçün nələr etdi?” mövzusunda müzakirələri yenidən aktuallaşşdırıb.

AYNA mövzuya dair tanınmış media nümayəndələrinin fikirlərini öyrənib.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli:

“Mən özüm də ABŞ-İran oyununda Amerikaya azarkeşlik edirdim. İran özü düşünməlidir ki, qonşu Azərbaycan azarkeşləri niyə ona yox, uzaq Amerikaya azarkeşlik edirlər. Bunun səbəbini özündə axtarmalıdır. Əgər İran özünü normal qonşu kimi aparsaydı, azərbaycanlılar da ona azarkeşlik edəcəkdi. İran neylədi? Nəinki bizə dəstək vermədi, heç neytral mövqe də nümayiş etdirmədi. Düşmən dəyirmanına su tökdü. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşməsinə, Xocalıda, Gəncədə, Bərdədə insanlıq əleyhinə cinayətlərə baxmayaraq, Ermənistana dəstək nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən sonra ölkəmizə qarşı təhdid ritorikasına işə saldı. Açıq-aşkar düşmənçilik siyasəti apardı. Düşmənə açıq dəstəyini davam etdirdi. Belə olduqda, əlbəttə ki, azərbaycanlılar ABŞ-a azarkeşlik edəcəkdilər. Bunun əksi qəribə olardı”.

“Real TV”-nin şef-redaktoru, əməkdar jurnalist Mahir Məmmədli:

“Futbol həm də bir siyasətdir. Bu səbəbdən dünya azərbaycanlılarının Amerika-İran oyununda ABŞ-a azarkeşlik etməsi tamamilə normal və təbii haldır. İran özü bunu haqq edib. Əgər zamanında Azərbaycanın və eləcə də İranın özündə yaşayan azərbaycanlıların əleyhinə siyasət yürütməsəydilər, onların hüquqlarını qorusaydılar, düşmən dəyirmanına su səpməsəydilər, bu gün də azərbaycanlılar uzaq Amerikanı yox, qonşu İranı dəstəkləyərdilər. Bir halda ki, davamlı olaraq ölkəmizi və soydaşlarımızı təzyiq altında saxlayırlar, bu cür münasibət də davam edəcək. Yeni bir xəbər yayıldı ki, İranın ABŞ yığması qarşısında məğlubiyyətindən sevinən bir İran vətəndaşını edam ediblər. Bu, nə yanaşmadır, nə münasibətdir. Hesab edirəm ki, soydaşlarımız Amerikanı dəstəkləməkdə haqlıdırlar və İran bunun səbəbini birinci növbədə özündə axtarmalıdır”.

“Editor.az” portalının baş redaktoru Fərid Şahbazlı:

“Azərbaycan xalqında, cəmiyyətində İrana qarşı dərin nifrət hissi hökm sürür. Bunun da dərin kökləri var. Azərbaycanla İranın qonşu olmasına və eyni coğrafiyada yaşamasına baxmayaraq, ortaq mədəniyyətin birləşdiyi dövlətlər olsaq da, İran hər zaman ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdüb. Bu xüsusda Azərbaycan xalqının da İrana qarşı dərin nifrət hisləri mövcuddur. Təbii ki, bütün bunlar təsadüfi deyil və bunu İranın özü qazanıb. İran tarixin müxtəlif mərhələlərində daim Azərbaycanın mehriban qonşuluq siyasətinə xəyanət edib. Bütün dünya azərbaycanlıları, habelə Güney Azərbaycanda yaşayan onmilyonlarla azərbaycanlı İrana nifrət edir. Məhz bu səbəbdən soydaşlarımız ABŞ-İran futbol matçında, hətta Amerika kimi ölkəmizdə çox da pozitiv imici olmayan bir ölkəyə azarkeşlik etdi. Qarabağ münaqişəsinin həlli prosesində və ondan sonrakı mərhələdə İran hər zaman Ermənistana dəstək nümayiş etdirib. İran hər zaman Azərbaycanın dost əlini geri çevirib və düşmən Ermənistanı silahlandırmağa davam edib. Bu səbəbdən dünya azərbaycanlıları İranın məğlubiyyətinə sevinməkdə tamamilə haqlıdırlar”.

Oxu.az portalının əməkdaşı Kubra Məhərrəmova:

“İran dəfələrlə Azərbaycana qarşı əsl simasını nümayiş etdirib. Xüsusi xidmət orqanlarının həyata keçirdikləri əməliyyatlar bir daha nümayiş etdirdi ki, İran Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətini davam etdirir. Bütün bu məlumatlar ictimaiyyətə açılanıb. Birinci və İkinci Qarabağ müharibələrində İranın tutduğu mövqe, Ermənistana açıq dəstəyi soydaşlarımız arasında hiddət doğurur. Yeni bir məlumat yayıldı ki, İrandan Azərbaycana göndərilən yükün içərisində erməni məhsulları aşkar edilib. Bu, necə baş verib, bunu araşdırmaq müvafiq qurumların işidir. Təbii ki, bu kimi faktlar cəmiyyətdə İrana qarşı fikirlər formalaşdırır və azərbaycanlılar ayılmağa başlayır. Hansı ki, İran bu günə qədər “saman altdan su yeridir” və üzdə guya dost olduğunu nümayiş etdirirməyə çalışırdı. Belə bir ölkənin necə azarkeşi olmaq olar ki?! Təbii ki, soydaşlarımız Amerikaya dəstək verməli idilər və verdilər də”.

Müəllif: Azər Niftiyev